İqtisadçı eksert Eldəniz Əmirov feysbuk hesabında yazıb ki, müəllimin orta aylıq əməkhaqqı ölkədəki orta aylıq əməkhaqqından aşağıdır.
O qeyd edib ki, 2023-cü ilin sentyabr ayında verilən məlumata görə müəllimlərin orta aylıq əməkhaqqı 830 manat təşkil edib. 2023-cü ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı isə 917 manat olub.
“Odur ki, biz hansısa əməkhaqqı məbləği ilə müəllim əməyini qiymətləndirə bilmərik. Amma heç olmasa müəllim rəqəmlərə baxanda görməməlidir ki, onun orta aylıq əməkhaqqı, ölkədəki orta aylıq əməkhaqqından aşağıdır”.
Maraqlıdır, ölkədə ən yüksək əməkhaqqı verilən sahələr hansılardır?
Asayis.Az xəbər verir ki, E.Əmirov Demokrat.az-a bu barədə məlumatları da açıqlayıb:
“Azərbaycanda ən yüksək əməkhaqqı olan sahələr mədənçıxarma sənayesi, maliyyə-sığorta və informasiya-rabitə sahələridir. Mədənçıxarma sənayesinə bir çox sahələr daxildir. Maliyyə-sığorta sahəsi də çoxşaxəlidir. Bu sahələrdə çalışan mütəxəssislər digər peşə sahibləri ilə müqayisədə daha çox əməkhaqqı alırlar.
Hazırda müəllimlər sertifikasiyası imtahanına cəlb olunub. İnanıram ki, sertifikasiyadan uğur qazanan müəllimlər bunun büdcələrinə müsbət təsirini də hiss edəcəklər. Ümid edirəm ki, müəllimlərin əməkhaqqı yaxın zamanlarda orta aylıq əməkhaqqı göstəricisindən də yüksək olacaq”.