Bakıda 2000-ci il təvəllüdlü Ayxan pul borcu üstündə yaranan münaqişə zamanı tanışı Cavanşirə xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, hadisə ötən ilin oktyabrın 13-də paytaxrda yerləşən “Gəncə” mərasim evinin yaxınlığında baş verib.
Ayxan Cavanşirə olan pul borcunun vaxtında qaytara bilməməsi və bunun nəticəsində Cavanşir tərəfindən mobil telefonuna təhqiredici ifadələrin göndərilməsi ilə bağlı aralarında münaqişə yaranıb.
Ayxan aralarında olan narazılıq zəminində üzərində olan bıçaqla Cavanşirin bədəninin müxtəlif nahiyələrindən 7 dəfə zərbə vurub.
Hadisəni törədən Ayxanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ayxan ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
O bildirib ki, 30 manat pul borcu olduğundan Cavanşir onu təhqir edib, nəticədə onu yaralayıb.
Ayxan qeyd edib ki, cavanşiri 1 ilə yaxındır tanıyır, onların arasında sadəcə tanışlıq münasibətləri olub:
“Hadisədən 3-4 gün əvvəl pula ehtiyacım olduğu üçün Cavanşirdən 30 manat borc pul istədim və həmin pulu qısa müddətdə qaytaracağıma söz verdim. Pulu özümə lazım olduğu üçün istədim. Cavanşir də mənə dərhal pulu verdi. Daha sonra pul olmadığından Cavanşirin pulunu qaytara bilmədim. Dostum Nurəlidən mənim bprcumu ödəməsini xahiş etdim. Nurəli ilə pulun Cavanşirə ödənilməsi barədə razılıq əldə etdik. Lakin pul kartdan-karta göndərmə zamanı Cavanşirə çatmadı. Bu səbəbdən Cavanşir məni təhqir etdi”.
Təqsirləndirilən şəxs bildirib ki, sonra Cavanşirə pulu ödəyəcəyini deyib və onu görüşə çağırıb:
“Cavanşirdən üzrxahlıq etməsini istədim. Lakin Cavanşir heç bir üzrxahlıq etmədi. Bu zaman Nurəli də orada idi. O, kənarda gözləyirdi. Hadisə baş verən zaman Nurəli bizim kurtkalarımızdan tutaraq ayırmağa çalışdı. Təxminən saat 19 radələrində mərasim evinin arxa hissəsində Cavanşiri yaraladım. Hadisə baş verən zaman özümdə olmamışam. İstifadə etdiyim bıçağı 1 ilə yaxındır ki, gecə saatlarında işlədiyimdən, özümü müdafiə etmək məqsədilə hər zaman üzərimdə gəzdirmişəm. Hadisə baş verdikdən sonra Cavanşir qaçaraq getdi. Cavanşirə heç bir yardım göstərmədim, öz evimə getdim”.
Ayxan deyib ki, özü Əhmədlidə kuryer kimi fəaliyyət göstərib, günə təxminən 30-50 manat pul qazanıb:
“Anam və atam işləməyib. Ailədə bacım ilə birgə 2 uşaq olmuşuq”.
İş üzrə zərərçəkmiş Cavanşirin sözlərinə görə, Ayxana borc pul verib və hadisə baş verməmişdən qabaq verdiyi borcun qaytarılmasını istətəyib:
“Ayxan isə borcun ödənilməsini dostu Nurəlidən xahiş etdi. Nurəli ilə danışıb ona özümün kart nömrəmi göndərdim. Lakin Nurəli pulu kartıma vurmadı. Bu barədə maraqlandıqda, Nurəli bankla bağlı problem olduğunu dedi. Sonra Nurəlidən 3 manat yol pulu istədim və evimə getdim. Səhər Nurəliyə zəng etdim, Nurəli pulu göndərəcəyini desə də, sözünə əməl etmədi. Buna görə Ayxana zəng edərək pulun verilmədiyini dedim. Ayxan isə pulun göndəriləcəyini bildirdi”.
Zərərçəkmiş qeyd edib ki, təxminən 3 gün sonra yenə Nurəliyə zəng edib:
“Nurəli telefonu açdı, sonra bağladı. Yenidən bir gün gözlədim. Yenə də zəng etdim. Lakin Nurəli telefonu açdıqdan sonra təkrar bağladı. Bundan qəzəblənərək Nurəliyə təhqir məzmunlu mesajlar yazdım. Daha sonra Ayxana yazaraq Nurəlini təhqir etdiyimi bildirdim. Ayxan evdə olduğunu dedi və sonra mənə zəng edəcəyini bildirdi. Təxminən saat 19 radələrində Ayxan məni “Gəncə” mərasim evinin yanına çağırdı və orada məni qarşıladı. Siqaret aldıqdan sonra Ayxan məni “Gəncə” mərasim evinin arxasına apardı. Orada söhbət zamanı təkrar Ayxandan pulumu istədim. Lakin Nurəli məni arxaya çəkdi. Nurəli mənə “bu nə söyüşlərdir yazmışdın” dedikdən sonra cavab verməyə macal tapmadım. Ayxan məni bıçaqla vuraraq yaraladı. Qaçmağa çalışdığım zaman Nurəlinin kurtkamdan tutub dartdığını gördüm. Bu zaman Ayxan məni təkrar bıçaqladı. Daha sonra qaçaraq getdilər”.
Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə Ayxan 5 il müddətinə azadlıqdan məhrum edilib.
Demokrat.az