Bakıda yeyib-içən dostlar qanlı cinayət törətdilər - TƏFƏRRÜAT

 Bakıda yeyib-içən dostlar qanlı cinayət törətdilər - TƏFƏRRÜAT

Bakının Sabunçu rayonunda 1986-cı il təvəllüdlü Eşqin tanışı Zaminə xəsarət yetirib.

Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin iyulun 5-də, saat 23.00-da Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində baş verib. 

Eşqin “Hazar” restoranının yaxınlığında şəxsi münasibətlərin pozulması zəminində, yəni Zaminin ona qarşı nalayiq ifadə işlətməsinə görə, üzərində olan cib bıçağı ilə ona qarşı zor tətbiq edib.

Daha sonra Eşqin Zaminin sol sarğı nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan xəsarətlər yetirib. 

Hadisəni törədən Eşqinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Eşqin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, iyulun 5-də bağlarda fəhləlik edib, işini bitirib: “Yorğun olduğumdan dostluq etdiyim və mənimlə birgə fəhlə işləyən Arzu ilə saat 21.00-da Bilgəh qəsəbəsində yerləşən “Hazar” kafesinə gəldik. Kafedə yeyib içərkən kənar masada dostum Zaminin pivə içdiyini gördüm. Tək qalmasın deyə süfrəmə dəvət etdim. Zamin mənim süfrəmə gəldi. Birgə yeyib içdikdən sonra kafedə heç kəsin olmadığını gördk. Kafe bağlanacağına görə süfrədən duraraq oradan çıxdıq”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən kafedən 50 metr aralıda yolun kənarında dayanıblar və siqaret çəkiblər: “Söhbət edən zaman Zaminlə aramızda sözlə mübahisəmiz yarandı. Mübahisə zamanı yolun kənarında qaranlıq bir yerə keçdik. Məni söydüyü üçün əsəbləşdim və Zamin gedərkən cibimdə olan kiçik cib bıçağı ilə bir dəfə onun arxa yan tərəfindən zərbə vurdum”.

İş üzrə zərərçəkmiş Zaminin sözlərinə görə, iyulun 5-də, saat 21.00-da bağlarda fəhləlik edib və işini bitirəndən sonra “Hazar” kafesinə gəlib: “Pivə içərkən kənar masada dostum Eşqin məni öz masasına dəvət etdi. Mən süfrəyə gəlib birgə yeyib-içdik. Sonra kafe bağlanmağına yaxın süfrədən duraraq getdik. Təxminən kafedən 50 metr aralıda yolun kənarında dayandıq. Söhbət edən zaman Eşqinlə söhbət əsnasında aramızda sözlə mübahisəmiz yarandı. Mübahisə zamanı yolun kənarında qaranlıq bir yerə keçdik. Bir-birilərimizi başa düşmədiyimizə görə aramızda dava-dalaş yarandı. Bu zaman digər dostumuz Arzu bizi ayırdı. Bundan sonra gedərkən arxa nahiyyəmə nəsə batdığını hiss etdim. Dərhal çönüb geriyə baxarkən Eşqin cib bıçağı ilə mənə bir dəfə arxa nahiyyəmdən xəsarət yetirdiyini bildim”.

Bu cinayət işinə Sabunçu rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Eşqinin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Demokrat.az

12:48 - 4 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin