Oğul atasını bıçaqladı - Bakıda ad günü məclisindən sonra qanlı dava

 Oğul atasını bıçaqladı - Bakıda ad günü məclisindən sonra qanlı dava

Bakının Xəzər rayonunda 1996-cı il təvəllüdlü Rüfət atası Əbülfətə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə ötən ilin iyulun 17-də, gecə saat 00.30-da Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. 

Rüfətlə yaşadıqları evdə atası Əbülfət  arasında şəxsi münasibətlərin pozulması zəminində mübahisə yaranıb. Mübahisə zamanı bıçaqla atasının qarın nahiyyəsindən bir dəfə vurub. 

Hadisəni törədən Rüfətin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rüfət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, atası maşın ustasıdır, özü isə fəhlə kimi çalışıb: “İyulun 16-da kiçik bacımın ad günü olması ilə əlaqədar ailəlikcə dəniz kənarında olan restoranlardan birinə getməyə qərar verdik. Həmin gün restorandan evə qayıtdıqdan sonra təqribən gecə saat 00.30-da evdə anam ilə atamın öz aralarında mübahisə etdiklərini eşitdim. Valideyinlərimin mübahisə etdiyi otağa daxil olaraq atamın əlində qayçı, stolun üstündə isə bıçaq olduğunu gördüm. Bədbəxt hadisə baş verməsi ehtimalını düşündüyüm üçün həmin bıçağı mətbəxə aparmaq üçün götürdüm. Eyni zamanda atamın əlindən qayçını almaq istədim. Lakin atam məni itələdi. İtələyərkən isə ani olaraq onun üstünə yıxıldım və əlimdə olan bıçaq çevrilərək atama batdı. Atamın həmin an xəsarət xəsarət aldığını bilmədim. Çünki atamdan həmin an qan gəlmədi”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə baş verən gün nə o, nə də atası spirtli içki qəbul etməyib: “Mənim atama xəsarət yetirmək fikrim olmayıb. Cinayət əməlini məqsədli şəkildə törətməmişəm. Əməlimdən səmimi peşmançılıq hissi keçirirəm”.

İş üzrə zərərçəkmiş Əbülfətin sözlərinə görə, hadisə baş verən gün balaca qızının ad günü olduğu üçün tort alaraq çay içmək üçün dəniz qırağına gediblər: “Evə qayıdan zaman mən aşağı, yəni anamın yaşadığı evdən qayçını götürdüm və iş şalvarımın ayağını kəsmək üçün yuxarı mərtəbəyə ailəm ilə yaşadığım mənzilə qalxdım. Həmin vaxt yoldaşım ilə aramızda mübahisə etdik. Həm də qayçı ilə paltarımı kəsməsini xahiş etdim. Bu zaman oğlum otağa daxil oldu və stolun üstündə olan bıçağı götürdü. Bıçağı mənə verməsini bildirdim. Rüfət elə bildi ki, əlimdə qayçı ilə anasının üstünə gedirəm. Əbülfətin əlindən bıçağı götürəndə bıçağın çox az hissəsi mənə batdı. Heç həmin zaman qan da çıxmadı. Lakin gecə saat 5 radələrində özümü pis hiss etdiyim üçün xəstəxanaya getdim. Oğlum mənimlə xəstəxənaya getmək istəsə də, ona evdə ailənin başında qalmasını xahiş etdim. Polis bölməsi bu söhbəti bu qədər böyütdü. Əslində burada problemli bir məsələ yoxdur. Oğlum ilə barışmışam”. 
Zərərçəkmiş deyib ki, öğlu da onunla birgə ailəsinin dolanışığı üçün əziyyət çəkir, pul qazanır, qazandığı pulu da ailəsinə verir. Deyib ki, oğluna qarşı heç bir tələb və şikayəti yoxdur. 

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Rüfətin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib. 

Demokrat.az

11:12 - 4 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin