Şirvanda aqrotexniki qaydada qulluq göstərilməklə narkotik tərkibli çətənə bitkiləri yetişdirən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Mehdi Hüseynov və qardaşı, əvvəllər də narkotiklərə görə məhkum olunmuş İmanxan Hüsenov saxlanılıblar.
Həmin şəxslərin evlərinin həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş ümumilikdə 96 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb.
Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Şəhər məhkəməsinin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Mehdi Hüseynov "Bağ Mehdi" kimi tanınır.