Bakıda məşhur şadlıq sarayında qanlı dava - Tamada və oğlu bıçaqlandı

 Bakıda məşhur şadlıq sarayında qanlı dava - Tamada və oğlu bıçaqlandı

Bakıda 1987-ci il təvəllüdlü Məmməd münaqişə zəminində ‘'Altun” şadlıq sarayında tamada kimi fəalliyyət göstərən Yaquba xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə ötən ilin iyulun 2-də, gecə saat 00.15-də ‘'Altun” şadlıq sarayının dəhlizində baş verib. 

Məmməd Yaqubun onun qardaşı övladı, həmin şadlıq sarayında ofisiant işləyən Yadigarın guya yaxşı xidmət göstərməməsini bildirib, onu təhqir etməsi, əli ilə vurmasına görə mübahisə edib. Mübahisə zamanı Məmməd Yaquba bıçaqla xəsarət yetirib.

Hadisəni törədən Məmmədin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, qardaşı uşaqları “Altun Saray” restoranında ofisiant işləyib: “İyulun 1-də, saat 23.00-da Yadigar telefonla zəng vuraraq toyun gec qurtaracağını, onları gecə saatlarında restorandan götürərək evə aparmağımı xahiş etdi. Saat 00.15-də “Altun Saray” restoranına gəldim və restoranın dəhlizində çay içərək toyun bitməsini gözlədim. Toy bitdikdən sonra qardaşım oğlu Yadigar sonradan adını bildiyim tamada Yaqubla söhbət etdiyini gördüm. Həmin şəxsin restoranın administrator olduğunu zənn edərək onlara yaxınlaşmadım və Yadigarın söhbəti bitdikdən sonra özünün gəlməyini gözlədim. Az müddət sonra Yaqub Yadigarla aqresiv danışdığını gördüm. Onlara tərəf yaxınlaşdıqda Yaqubun qardaşım oğlu Yadigara “bir köpüklük adam deyilsiz, bir köpüklük xidmətiniz yoxdur”, “rədd ol burdan küçük” deyə bildirdi. Bu sözləri eşitdikdə həmin şəxslərə tərəf yaxınlaşdım və Yaquba uşaqla niyə bu cür danışdığının səbəbini soruşdum.
Yaqub məndən kim olduğumu soruşdu. Uşağın əmisi olduğumu dedim və Yaquba “get işinlə məşğul ol” deyə bildirdim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra qardaşı oğlu Yadigarın əlindən tutaraq getməyi bildirib: “Bu zaman Yaqub Yadigarın əlindən tutaraq “qanacağıvız olsun” deyə bildirdi. Yaqubun spirtli içkinin təsiri altında olduğunu başa düşdüm. Həmin vaxt sonradan adını bildiyim Yaqubun oğlu Məhəmməd gəldi və əlinin arxası ilə sinəmə vuraraq aqresiv şəkildə “sən kimsən” deyə soruşdu. Mən isə Məhəmmədin əlini sinəmdən çəkdikdə Yaqubun qardaşım oğlu Yadigarın sinəsindən tutaraq özünə tərəf dartdı. Yaqub oğlu Məhəmməd də Yadigarla sözlə mübahisə etməyə başladı. Mən də Məhəmmədə yaxınlaşaraq onu itələdim, Yadigardan uzaqlaşdırdım”. 

Məmməd qeyd edib ki, bundan sonra Məhəmməd restoranın dəhlizindəki bardan şüşə stəkanı götürərək qardaşı oğlu Yadigara tərəf atıb və Yadigar əlini üzünə tutaraq özünü müdafiə edib: “Lakin şüşə stəkan Yadigarın əlinə dəydi. Daha sonra Məhəmməd yenidən bardan şüşə butulka götürərək Yadigara tərəf atdı və məön qolumu Yadigarın qarşısına qoyaraq butulkanın ona dəyməsinin qarşısını aldım. Butulka sağ qoluma dəydi. Mən də Məhəmmədin bu hərəkətlərindən əsəbləşdim və bardakı meyvə bıçağını götürdüm. Həmin vaxt Yaqubun Yadigarla mübahisə edərək onu vurduğunu gördüm. Oncə Yaqubun çənə nahiyəsindən yumruqla zərbə endirdim. Bıçağı sol əlimdən sağ əlimə götürdükdə Yaqub sağ biləyimdən tutdu. Yaqubun oğlu Məhəmməd də atasına kömək edərək sağ biləyimdən əli ilə tutdu. Həmin zaman aramızda dartışma oldu. Mən bıçağı sərbəst idarə etmək üçün sağ əlimi onların əlindən çəkmək istədim. Məhəmmədlə dartışanda Yaqub arxaya çevrilərək Yadigarın sinəsindən tutmağa başladı, aralarında münaqişə yarandı. Məhəmməd də əlimi bir anlıq buraxdı. Əlindəki bıçaqla Yaqubun sarğı nahiyəsindən bir, həmçinin döş qəfəsinin arxa sağ hissəsindən iki ardıcıl zərbə endirdim”. 

Məmmədin dediyinə görə, bundan sonra bıçağı əlində saxlayıb: “Yaquba bıçaqla xəsarət yetirərkən həmin şəxslə çox yaxın məsafədə olmuşam və həmin vaxt bıçaqla onun həyati orqanlarından vurub xəsarət yetirmək, nəticədə onu öldürmək imanına malik olmuşam. Lakin bunu etmədim. Həmin şəxsi yalnız belə formada xəsarət yetirməklə cəzalandırmaq istədim. Həmin vaxt Məhəmməd məni dartaraq yıxmaq istədikdə ayağım ilə təkan verərək Məhəmmədi yerə yıxdım. Özüm də qeyri-ixtiyari Məhəmmədin üzərinə yıxıldım. Bıçaq əlimdə olduğundan həmin vaxt onun sol qoltuqaltı nahiyyəsindən də bir ədəd bıçaq zərbəsi ilə xəsarət yetirdim. Qardaşım uşaqları Rəvan və Yadigar məni Məhəmmədin üzərindən qaldırdılar. Həmin vaxt bıçağı yerə atdım. Orada olan ofısinatlar da bizi ayırmağa cəhd göstərdilər. Bundan sonra Yaqub və oğlu Məhəmməd pilləkənə tərəf getdi. Mən də qardaşım uşaqları ilə birlikdə zala tərəf getdim və restorandan çıxaraq avtomobilə əyləşib evə getdik. Qorxduğum üçün polisə gedib təslim olmadım. Qardaşım vasitəsilə bir neçə dəfə Yaqubla barışıq əldə etməyə çalışdım. Məqsədim isə Yaqubla barışdıqdan sonra təslim olaraq məsuliyyətimi yüngülləşdirmək olub. Qardaşım Yaqubla barışıq üçün və onun müalicə xərclərini ödəmək üçün 9000 manat verdi. Lakin Yaqub barışıq üçün istintaqa ərizə təqim etmədi. Belə olduğu halda da avqustun 16-da könüllü olaraq Nizami rayon Polis İdarəsinin istintaq şöbəsinə gələrək törətdiyim əməli etiraf etdim, təslim oldum”.

İş üzrə zərərçəkmiş Yaqubun sözlərinə görə, əvvəlcədən Tural adlı şəxs onunla əlaqə saxlayaraq 1 iyul 2022-ci ildə “Altun saray” restoranında" toy mərasimini aparmağını xahiş edib: “Turalla görüşdüm, toy mərasimini aparmaq təklifini qəbul etdim. İyulun 1-də, saat 17.30-da “Altun saray” restoranına getdim. Restorana daxil olduqda mən və mənimlə birlikdə gələn “Laçın” ansamblı üçün ayrılmış stola yaxınlaşaraq ofisiantı çağırdım, ondan restoranın administratorunu çağırmağı xahiş etdim. Administrator gəldikdə ondan stola yemək gətirməyi tapşırmağını xahiş etmək istədim. Lakin həmin administrator gəlmədi. Bundan sonra mənimlə danışan bəyin qardaşı Turala zəng vuraraq bizə yemək verilmədiyini bildirdi. Daha sonra digər administrator İlqar adlı şəxs mənə yaxınlaşaraq kobud şəkildə Turala nə üçün zəng etdiyimi soruşdu. Mən yemək verilmədiyi üçün bəyin qardaşı Turala zəng vurduğumu bildirdim, ofisianta bizə ayrılmış stolda olan boşqabları yığışdırmağı xahiş etdim. İlqar adlı administrator isə məndən uzaqlaşdı və toy mərasimi başladı. Toy 6 saat davam etdi. Toy bitdi və bəylə gəlin getdikdən sonra bəyin qardaşı Tural mənim zəhmət haqqımı verdi. Toyda mənə xidmət göstərmiş ofisianta və digər xidmət göstərmiş şəxsə bəxşiş olaraq 20 manat pul
vermək üçün zala daxil olmaq istədikdə sonradan adı mənə Yadigar kimi məlum olan şəxslə qarşılaşdım və söhbətə başladıq. Bir qədər sonra Yadigarın danışıqları məndə pis təəssürat yaratdığından həmin şəxslə aqresiv danışmağa başladım və ona “bir köpüklük adam deyilsiz, bir köpüklük xidmətiniz yoxdur”, “rədd ol burdan küçük” deyə bildirdim. Sonradan adı mənə Məmməd kimi məlum olan şəxs bu sözlərimi eşitdi. Bizə tərəf yaxınlaşaraq mənə uşaqla niyə bu cür danışdığımın səbəbini soruşdu. Həmin şəxsdən kim olduğunu soruşdum. Həmin şəxs uşağın əmisi olduğunu dedi. Ona “get işinlə məşğul ol” deyə bildirdim”. 

Zərərçəkmiş qeyd edib ki, bundan sonra həmin şəxs qardaşı oğlu Yadigarın əlindən tutaraq getməklərini bildirib: “Bu zaman Yadigarın əlindən tutaraq “qanacağıvız olsun” deyə bildirdim. Həmin vaxt sonradan oğlum Məhəmməd gəldi və əlinin arxası ilə həmin Məmməd adlı şəxsin sinəsinə vuraraq “sən kimsən” deyə soruşdu. Məmməd isə Məhəmmədin əlini sinəsindən çəkdikdə isə Yadigarın sinəsindən tutaraq özümə tərəf dartdım. Həmin vaxt oğlum Məhəmməd də Yadigarla sözlə mübahisə etməyə başladı. Məmməd Məhəmmədə yaxınlaşaraq onu itələdi, Yadigardan uzaqlaşdırdı. Bundan sonra oğlum restoranın dəhlizindəki bardan şüşə stəkanı götürərək Yadigara tərəf atdı və Yadigar əlini üzünə tutaraq özünü müdafiə etdi. Lakin şüşə stəkan Yadigarın əlinə dəydi. Daha sonra Məhəmməd yenidən bardan şüşə butulka götürərək Yadigara tərəf atdı və Məmməd qolunu Yadigarın qarşısına qoyaraq butulkanın ona dəyməsinin qarşısını aldı. Butulka onun sağ qoluna dəydi. Məmməd Məhəmmədin bu hərəkətlərindən sonra bardakı meyvə bıçağını götürdü. Həmin vaxt Yadigarla mübahisə zəminində onu yumruqla baş nahiyyəsindən vurdum. Məmməd yaxınlaşaraq çənə nahiyəmdən yumruqla zərbə endirdi. Məhəmməd də mənə kömək edərək həmin şəxsin sağ biləyindən əli ilə tutdu ki,  bıçaqla xəsarət yetirmək imkanı olmasın. Həmin zaman aramızda dartışma oldu. Məmməd bıçağı sərbəst idarə etmək üçün sağ əlini bizim əlimizdən çəkmək istəyirdi. Məmməd oğlum ilə dartışanda arxaya çevrildim və  Yadigarın sinəsindən tutmağa başladım. Aramızda yenə münaqişə yarandı. Həmin vaxt sağrı nahiyəmdən bir, həmçinin döş qəfəsimin arxa sağ hissəsindən iki ardıcıl zərbə endirildiyini hiss etdim. Bundan sonra arxaya çöndükdə Məmmədin bıçağı əlində saxladığını gördüm. Mənə bıçaqla xəsarət yetirdikdən sonra oğlum Məhəmməd Məmmədi dartaraq yerə yıxmaq istədi. Bu aman Məmməd ayağı ilə təkan verərək Məhəmmədi yerə yıxdı və özü də Məhəmmədin üzərinə yıxıldı. Bıçaq isə əlində olduğundan həmin vaxt Məhəmmədin sol qoltuqaltı nahiyyəsindən də bir ədəd bıçaq zərbəsi ilə xəsarət yetirdi. Qardaşı uşaqları Rəvan və Yadigar onu Məhəmmədin üzərindən qaldırdılar. Həmin vaxt o, bıçağı yerə atdı. Bundan sonra Məmməd qardaşı uşaqları ilə birlikdə zala tərəf getdi və restorandan çıxdılar. Mən və oğlum şəxsi avtomobilim ilə Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsinin inzibati binasının arxasında yerləşən təcili tibbi yardım stansiyasına yaxınlaşdıq. Oradan da təcili tibbi yardım avtomobili ilə məni Sabunçu Tibb mərkəzinə apardılar”. 
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Məmməd 3 il müddətinə azadlıqdan məhrum edilib. 

Hökmdən narazı qalan Məmməd və onun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib. Onlar şikayətdə həbs olmayan cəza növünün təyin edilməsini istəyiblər. 

Bundan başqa, prokuror tərəfindən də apellyasiya protesti verilib. Prokuror təqsirləndirilən şəxsin barəsində olan cəzanın ağırlaşdırılmasını istəyib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilən şikayət təmin olunmayıb. 

Qərara görə, prokurorun protesti təmin edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. 

Məmmədin cəzası 4 ilə qədər artırılıb. 
Demokrat.az

17:36 - 2 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin