24 saatlıq antiterror tədbirləri nəticəsində separatçılar təslim oldu, erməni silahlı dəstələri tərki-silah edildi və suverenliyimiz tam bərpa olundu. Bu tarixi hadisə Ali Baş Komandan İlham Əliyevin və onun Ordusunun Azərbaycan qarşısında böyük xidmətidir.
Hazırda bu ərazilərdə Azərbaycanın mərkəzi hakimiyyətin bərpası prosesi aparılır və dövlət hər şeyi planlı şəkildə icra edir. Bu planlara erməni əhalisinin reinteqrasiyası da daxildir, Xankəndində bayrağımızın dalğalandırılması da…
Amma kimlərsə sırf reytinq xatirinə bu qədər böyük tarixi prosesi alt-üst etməkdən belə çəkinmir.
Sentyabrın 29-da sosial şəbəkələrdə paylaşılan foto bunun əyani nümunəsidir. Fotoda ermənilərin “nənə və baba” abidəsinə Azərbaycan bayrağı asılıb, önündə də hərbi forma geyinmiş şəxs poz verir. Bu şəxs Azərbaycan Prezidentinin Qarabağ İqtisadi Regionu üzrə Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Araz İmanovdur. Tanımayanlar üçün qeyd edək ki, o, iqtisadçı Nazim İmanovun oğludur. Hazırda xüsusi nümayəndəlikdə işləyir və dövlət qulluqçusudur.
Təsəvvür edin, dövlət böyük bir proses aparır və bəllidir ki, bayrağımızın Xankəndində dalğalanması da prosedurlara uyğun olmalıdır.
Bəs Araz İmanov nə edir?
Dövlət atributunu özünün reytinqi üçün istifadə etmək nə dərəcədə doğrudur?
Birincisi, Araz İmanovun buna nə qədər mənəvi haqqı çatır?
Bu şəxs torpaqlarımızın azad edilməsində iştirak etməyib, 44 günlük Vətən müharibəsi dövründə ortada olmayıb. İndi şəhidlərimizin qanı hesabına azad olunan ərazilərdə poz verməklə məşğuldur.
İkincisi, uğrunda döyüşdüyümüz, şəhidlərimizin canını fəda etdiyi üçrəngli bayrağımıza hörmətsizlik edir. Çünki müqəddəs bayrağımızın asılacağı yer erməni separatizminin simvoluna çevrilən o abidə deyildi.
Üçüncüsü, Araz İmanov dövlət qulluqçudur, Qarabağ nümayəndəliyinin əməkdaşıdır, bu qədər məsuliyyətli bir vəzifəni daşıdığı halda icazəsiz addım atıb, çox məsuliyyətsiz iş görür. Sırf sosial şəbəkələrdə daha çox “layk” toplamaq xatirinə.
Və nəhayət, onun hərbi forma geyinməsi bu formaya, onu daşıyan və torpaq uğrunda döyüşən, şəhid olan, qazi olan hərbçilərimizə qarşı böyük hörmətsizlikdir.
Dövlətə, torpağa, bayrağa və şəhidlərimizə hörmət etməyən bu şəxsin ümumiyyətlə o məsul vəzifəsini daşımağa haqqı varmı?!