Qanunsuz idman mərc operatoru olan “Mostbet” vətəndaşları aldatmağa davam edir. Xəbər verdiyimiz kimi, qanunsuz şəbəkə vətəndaşın qazandığı 156 461 manatı ödəmir.
“Günün günorta çağı hamının gözü qarşısında qeyri-qanuni mərc oyunları təşkil olunur, buna diqqət ayrılmır”.
Bunu Yenicag.az-a açıqlamasında Azərbaycanda qeyri-qanuni mərc oyunları ilə məşğul olan Mostbet şirkətinin vətəndaşlara qarşı dələduzluğu haqqında danışan millət vəkili Fazil Qəzənfəroğlu deyib.
O, belə şirkətlərin arxasında güclü himayədarların dayandığını bildirib:
“Azərbaycanda kiminsə qeyri-qanuni fəaliyyətlə məşğul olması mümkün deyil. Əgər haradasa belə bir qanunsuz fəaliyyətlə məşğul olunursa, deməli, onun himayəsi var. Himayə kifayət qədər ciddi olduğundan bu qurumlara təsir etmək mümkün olmur. Necə olur, elementar məsələlərə görə insanlara hansısa şəkildə dərhal təsir göstərmək olur. Amma günün günorta çağı hamının gözü qarşısında qeyri-qanuni mərc oyunları təşkil olunur, buna diqqət ayrılmır. Yüzlərlə belə şikayətlər var.
Belə oyunlarda fırıldaq mexanizmi düşünülüb. Hansısa formada mərci udmuş şəxslərin vəsaitləri də özlərinə verilmir. Bu, çox acınacaqlı bir durumdur. Bu istiqamətdə bütövlükdə cəmiyyətin maarifləndirilməsi çox vacibdir. Bunun üçün qanuni idman mərc operatoru “Misli” yaradılıb. Büdcəyə vəsait ödənildiyi söylənilir. Əgər dövlətin əli ilə hansısa proses gerçəkləşir, büdcəmizə vəsait daxil olursa, bunu anlayışla qarşılamaq olur. Amma digər qeyri-qanuni qumar fəaliyyətləri yolverilməzdir”.
Vətəndaşlar qanunsuz şans oyunlarına inandıqca dələduzluq halları da artır.