Bakının Xəzər rayonunda 1982-ci il təvəllüdlü Tale onunla bir yerdə işləyən tanışı Elçinə xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, hadisə ötən ilin dekabrın 11-də Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış sahəsində baş verib.
Tale “Nargilə” kafesində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək avtomobilin təkər açarı ilə Elçinin alın nahiyəsinə vurub.
Hadisəni törədən Talenin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tale ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 2022-ci ilin dekabr ayının əvvəllərindən qohumu Siyabın Elçin ilə birlikdə icarəyə götürüb işlətdiyi Buzovna qəsəbəsi, Albalılıq yaşayış sahəsində yerləşən “Nargilə” kafesində işləməyə başlayıb: “Mən kafedə sifarişləri dəftərə yazaraq onlara köməklik edirdim. Dekabrın 11-də, axşam saatlarında həmin “Nargilə” kafesində Elçin ilə birlikdə yeyib-içməyə başladıq. Həmin vaxt həddindən artıq sərxoş olduğumdan özümü idarə edə bilmirdim. Nə səbəbdən Elçin ilə mübahisə etdiyimi də xatırlamıram. Lakin mübahisə zamanı Elçini söyüb təhqir edərək kafedə olan dəmir əşya ilə onun alın nahiyəsindən vurmağımı xatırlasaç da, lakin konkret olaraq onu dəmir açarla vurmağımı xatırlamıram. Lakin etdiyim əmələ görə səmimi olaraq peşmançılıq hissi keçirmişəm”.
Tale daha sonra ifadəsində göstərib ki, həmin hadisə vaxtı o, Elçin ilə yeyib-içib, sonra dalaşıb: “Elçin səsgücləndiricisini götürmək istədi, orada olan heykəlçikləri qırdı. Həmin vaxt biz sadəcə itələşdik, amma Elçini təkər açarı ilə vurmamışam. Sadəcə olaraq, həmin vaxt Elçinin ürəyi gedib və yerə yıxılaraq alnından xəsarət alıb”.
İş üzrə zərərçəkmiş Elçinin ifadəsinə görə, 2022-ci ilin oktyabr ayından tanışı Siyab ilə birlikdə Buzovna qəsəbəsində yerləşən “Nargilə” kafesini icarəyə götürüb işlədib:
“2022-ci ilin dekabr ayının əvvəllərindən Siyabın məsləhəti ilə onun qohumu Tale də bizimlə kafeni işləməyə gəldi. Tale kafedə sifarişləri dəftərə yazaraq bizə köməklik edib. Dekabrın 11-də həmişəki kimi kafedə müştərilər də var idi. Siyab da işdə olmadığından Tale içkili halda müşrərilərlə kobud davranırdı. Saat 23.50-də Tale heç bir səbəb olmadan müştərilərin gözü qarşısında məni söyüb təhqir etdi. Tale əvvəllər də bir neçə dəfə məni söyüb təhqir edib. Buna görə də artıq dözə bilmədim və Siyab da işdə olmadığından Taleyə heç nə demədim. Çünki onun xasiyyətini bilirdim ki, Tale davaya meyilli adamdır. Bu səbəbdən də dedim ki, daha işləmək istəmir və əşyalarını yığıb gedir. Bundan sonra özümə məxsus əşyalarını çölə qapının qarşısına yığıb taksi çağırdım ki, gedim. Taksi gələnə kimi kafeyə dönüb gödəkçəmi götürdüm ki, çölə çıxsın. Həmin vaxt Tale müştərilərin gözü qarşısında qəflətən əlindəki dəmir alətlə alın nahiyəmdən vuraraq mənə xəsarət yetirdi. Mən zərbənin təsirindən yerə yıxılaraq huşumu itirdim. Sonradan bildim ki, orada olan müştərilər Taleni həyətə çıxarıblar və ayıblar. Tale isə məni o vəziyyətdə qoyub arxa qapıdan qaçaraq gedib. Aradan bir az keçmiş hadisə yerinə təcili yardımın gəldiyini gördüm və həkimlər mənə ilk tibbi yardım göstərdilər. Artıq mən özümə gəldim və sonradan bildim, eləcə də orada olan müştərilər mənə dedilər ki, Tale əlindəki təkər açarı ilə vurub. Sonradan hadisə yerinə gələn Siyab məni idarə etdiyi “Reno” markalı avtomobilinə qoyub 26 saylı xəstəxanaya gətirdi. Xəstəxanada həkimlər tərəfindən xəsarət aldığım nahiyəyə 9 ədəd tikiş qoyuldu”.
Bu cinayət işinə Xəzər rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Tale 1 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum edilib.
Demokrat.az