Bakının Qaradağ rayonunda 1995-ci il təvəllüdlü Şirvan əmisi Adili bıçaqlayıb.
Asayis.Az-ın məlumatına görə, hadisə 21 fevral 2022-ci ildə qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsində yerləşən “Nömrə 1” adlı kafedə baş verib.
Hadisəni törədən Şirvanın barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şirvan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, fevralıb 21-də, saat 15 radələrində yaşadığı evə gəlib: “Bu zaman əmim Əliyarın oğlu Bayramın atam ilə avtomobili düzəltdiklərini gördüm. Bayram Lökbatan qəsəbəsində yerləşən iş yerinə gedəcəyini, lakin tək getmək istəmədiyini deyərək birlikdə getməyi təklif etdi. Buna görə də Bayramın idarə etdiyi avtomobillə Lökbatan qəsəbəsinə gəldim. Həmin vaxt Bayrama zəng gəldi. O, artıq işə getməyə ehtiyac olmadığını dedi. Bu vaxt Bayram ac olduğunu deyərək kafeyə getməyi, çörək yeməyi təklif etdi. Mən də Bayramla razılaşdımr. Biz birlikdə kafeyə getdiyimiz barədə Bayram əmim Adilə zəng edərək dedi və Adili də çağırdı”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Bayramla Lökbatan qəsəbəsindəki “Nömrə 1” adlı kafeyə gediblər: “Oraya çatanda Adilin artıq həmin yerdə bizi gözlədiyini gördük. Üçümüz də kafeyə girdik və bir masada əyləşdi. Mən Adil birlikdə pivə içməyə başladıq. Bayram isə yemək yedi. Masada əyləşən zaman Adil xoşagəlməz hərəkətlər etməyə və pis danışmağa başladı. Bayrama əl-qol atdı. Mən bir neçə dəfə Adilə xəbərdarlıq edərək, belə etməməsini, danışığına fikir verməsini bildirdim. Bu sözlərimə baxmayaraq, Adil yenə də öz hərəkətlərinə davam etdi”.
Təqsirləndirilən şəxs bildirib ki, təxminən saat 22 radələrində Bayram işdən zəng gəldiyini, getmək istədiyini deyib: “Bayram masadan qalxaraq tualetə gedəcəyini və oradan da işə gedəcəyini bildirdi. Bayram tualetə gedən zaman kafedə işləyən ofisiantı çağırdım və limon gətirməsini, həmçinin limonu doğramaq üçün bıçaq da gətirməyi dedim. Bir müddət sonra ofisiant bir ədəd bıçaq və limon gətirdi. Limonu kənara qoyub bıçağı əlimə götürdüm və Adilin üzərinə getdim. Adilə “stolda oturan adama artıq hərəkət eləmək olmaz” dedim. Biz tutaşdıq və bir-birimizi itələməyə başladıq. Bu zaman əlimdə olan bıçaqla bir dəfə Adilin qarın nahiyəsindən vurdum. Bundan sonra orada olan şəxslər bizi ayırdılar. Adili vurduğum bıçaqla kafedən çıxdım və çöldə həmin bıçağı yerə atdım. Daha sonra Bayramın avtomobilin yanında dayandığını gördüm. Ona yaxınlaşdım və avtomobilə əyləşərək oradan uzaqlaşdıq. Birlikdə Bayramın idarə etdiyi avtomobillə Səngəçal istiqamətində hərəkət etdik. Bu zaman Bayram Adillə dalaşıb-dalaşmadığımı soruşdu. Bayrama Adillə mübahisə etdiyimi və bıçaqla onu vurduğumu bildirdim”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Şirvan 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Demokrat.az