Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupunun Xocavənddə yerləşdirdiyi minanın partladılması ilə törədilən terror aktı nəticəsində həlak olan polis əməkdaşı Xəzər Zamanov dəfn olunub.
Asayis.Az xəbər verir ki, mərhumla Nizami rayonunda vida mərasimi keçirilib. Mərasimdə mərhumun yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
O, Yeni Günəşli qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.
Qeyd edək ki, ötən gün DİN-in əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlayıb. Törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan Camalzadə Asim Knyaz oğlu, Şirinov Ramil Arif oğlu, Mahmudov Seymur Elsevər oğlu və Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.
“Qafqazino”