Ölkəyə külli miqdarda gətirilən narkotikin satışının qarşısı alındı

 Ölkəyə külli miqdarda gətirilən narkotikin satışının qarşısı alındı

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinə qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitə-metadonun realizə olunacağı barədə əməliyyat məlumatı daxil olub.

Həmin məlumata əsasən Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə birgə yaradılan əməliyyat qrupu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində əməliyyat keçirib və Azərbaycan vətəndaşı Aslanov Qabil Əhməd oğlu üzərində olan bağlamadakı külli miqdarda narkotik vasitəni - 200 ədəd “metadon” həbini şərti alıcı qismində çıxış edən gömrük əməkdaşına satarkən saxlanılıb və həmin narkotik vasitə aşkar edilərək götürülüb.

Davam etdirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində külli miqdarda “metadon”u Qabil Aslanova təhvil verən şəxslərin - Mirzəli Rza Yavər oğlunun və Rəsulova Əfsanə Əlimirzə qızının yaşadıqları Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən fərdi yaşayış evindən və istifadələrində olan minik nəqliyyat vasitəsindən, eləcə qrupun digər üzvü İsmayılzadə Pərvin Çərkəz oğlunun idarə etdiyi minik nəqliyyat vasitəsindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilmiş, ümumilikdə külli miqdarda narkotik vasitələr - 760 “metadon” həbi, 104,649 qram tiryək və psixotrop maddə - 68,175 qram “metamfetamin” aşkar edilərək götürülüb.

Başlanmış cinayət işi üzrə Aslanov Qabil Əhməd oğlu Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri, Mirzəli Rza Yavər oğlu, Rəsulova Əfsanə Əlimirzə qızı və İsmayılzadə Pərvin Çərkəz oğlu isə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə qeyd edilən şəxslərin hər birinin barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, “metamfetamin” adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na, tiryək "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələtin I Siyahısı"na, “metadon” isə Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.


14:52 - 12 May 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin