Deputatlar AZAL rəhbərliyi ilə görüşdü - Yeni təkliflər

 Deputatlar AZAL rəhbərliyi ilə görüşdü - Yeni təkliflər

Dünən “Azərbaycan Hava Yolları” QSC-də (AZAL) Milli Məclis deputatlarının iştirakı ilə tədbir keçirilib.

Asayis.Az
 xəbər verir ki, tədbirdə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, AZAL prezidenti Samir Rzayev, MM komitə sədrləri, deputatlar, AZAL-ın məsul rəhbər işçiləri iştirak ediblər.

Yeni rəhbərlik AZAL-ın 2030-cu ilə qədər fəaliyyət və inkişaf strategiyasını təqdim edib. İlk dəfə bu formatda keçirilən görüşdə ölkə iqtisadiyyatının əsas sahələrindən biri kimi aviasiya sənayesinin inkişafı perspektivindən danışılıb, vətəndaşları narahat edən və mövcud olan bütün problemlər bir daha AZAL rəhbərliyinin diqqətinə çatdırılıb, həlli yolları ilə bağlı geniş müzakirə aparılıb.

Əsas müzakirə və təklif olunan məsələlər AZAL-ın qiymət siyasətinin dəyişdirilməsi, əlçatanlığın təmin edilməsi, aşağı büdcəli (Low Cost) aviaşirkətlərin cəlb olunması, hava limanlarının fəaliyyətinin (idarəçiliyinin) təkmilləşdirilməsi, Azərbaycanı (Bakını) aviasiya sahəsində Hab(hub)-a çevirmək, şəhid ailələri və xaricdə oxuyan tələbələrə güzəştlərin tətbiqi və s. olub.

Xatırladaq ki, bir müddət əvvəl ölkə başçısı İlham Əliyevin məlum sərəncamı ilə  AZAL-ın prezidenti vəzifəsinin müvəqqəti icrası “QSC-nin birinci vitse-prezidenti Samir Musa oğlu Rzayevə həvalə edilib.

15:00 - 16 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin