“Mobil nömrələrimi və sosial şəbəkə hesablarımı qara siyahıya atıb” - Sevgilillər arasında DAVA

 “Mobil nömrələrimi və sosial şəbəkə hesablarımı qara siyahıya atıb” - Sevgilillər arasında DAVA

Abşeron rayonunda 1985-ci il təvəllüdlü Pərviz ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Mətanətə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin iyunun 30-da Xırdalan şəhəri, "AAAF-Park" yaşayış kompleksində yerləşən mənzillərdən birində baş verib. 

Pərviz qeyri-rəsmi ər-arvad münasibətində olduğu Mətanət ilə şəxsi münasibətlərində yaranmış narazılıq üstündə sonuncunun onunla münasibətlərini bitirmək istəməsi səbəbindən mübahisə edib. Mətanətin üzərinə hücum edib və onun sifət, qulaq, baş nahiyələrindən qəsdən şillə ilə ardıcıl zərbələr vurub. 

Hadisəni törədən Pərvizin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pərviz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Mətanəti təxminən 10 il müddətdir tanıyır: “Mətanətlə qeyri-rəsmi münasibətimiz olub. Mətanətlə münasibətlərimiz həmişə yaxşı olub. Lakin təxminən bir ay müddətdir ki, Mətanətlə münasibətlərimiz pisləşib. Həmçinin Mətanət mənim mobil nömrələrimi və sosial şəbəkə hesablarımı qara siyahıya atıb”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Mətanətlə mobil telefon vasitəsilə əlaqə saxlayıb, telefonla danışıqları zamanı Mətanət nə üçün onun tərəfindən "Qurban bayramı" münasibətilə təbrik edilmədiyini və qurban payı gətirilmədiyini soruşub:

“Mətanətə növbəti gün qurban payı gətirəcəyini bildirdim. Növbəti gün, saat 21 radələrində Mətanətin yaşadığı ünvana yola düşdüm. Xırdalan şəhərində olan zaman Mətanətlə telefon vasitəsilə əlaqə saxlayaraq çatdığımı dedim. Mətanət isə məni bu vaxta qədər gözlədiyini, artıq gözləməyərək qızı Sevil ilə birlikdə gəzməyə getdiyini dedi. Mətanətin yaşadığı binanın qarşısına gələrək orada gözlədim. Binanın qarşısında gözləyən zaman bir neçə dəfə Mətanətlə telefon vasitəsilə əlaqə saxlamaq istədim. Bu zaman Mətanətin mobil nömrələrimi qara siyahıya atdığını gördüm”.

Təqsirləndirilən şəxs deyib ki, gecəyarısı Mətanət qızı Sevil ilə birlikdə binanın qarşısına gəlib:

“Yaxınlaşaraq Mətanəti kənara çəkdim, haradan gəldiyini soruşdum. Mətanət qızı ilə birlikdə parkdan gəzməkdən gəldiyini dedi. Daha sonra Mətanətdən nə üçün mobil nömrələrimi qara siyahıya ataraq telefon zənglərimə cavab vermədiyini, bir neçə saat məni burada gözlətdiyini soruşdum. Mətanət isə mənə kobud cavab qaytardı. Bu səbəbdən aramızda mübahisə yarandı. Əsəbi olduğum üçün mübahisə zamanı əlim ilə iki dəfə Mətanətin sifət nahiyəsindən zərbə vurdum. Bu zaman orada olan Mətanətin qızı bizi aralaşdırdı. Sonradan Mətanətin barəmdə şikayət etməsindən məlumatım oldu”. 

İş üzrə zərərçəkmiş Mətanətin sözlərinə görə, Pərvizlə qeyri-rəsmi münasibəti olub, onunla münasibətləri yaxşı olub, lakin Pərvizin  onu həddindən artıq qısqanması səbəbindən ayrılmaq qərarına gəlib:

“Buna görə də təxminən hadisədən bir ay əvvəl Pərvizlə ayrıldım. Həmçinin əlaqə saxlamaması üçün onun mobil nömrələrini və sosial şəbəkə hesablarını telefonumda qara siyahıya atdım. Hadisə günü gecəyarısı qızım ilə birlikdə Xırdalan şəhərində yerləşən H.Əliyev adına istirahət parkından çıxaraq yaşadığım binanın həyətinə gəldim. Yaşadığım binanın həyətinə çatdıqda Pərvizin binanın qarşısında olduğunu gördüm. Pərviz məni gördükdən sonra yaxınlaşdı və kənara çəkilməyimi dedi. Mən etiraz etməyərək kənara çəkildim. Ondan nə istədiyini soruşdum. Pərviz əvvəlcə məndən haradan gəldiyimi soruşdu. Qızım ilə parkdan gəzməkdən gəldiyimi bildirdim. Pərviz daha sonra məndən nə üçün mobil nömrələrini, sosial şəbəkə hesablarını qara siyahıya atdığımı soruşdu. Pərvizlə danışmaq istəmədiyimi, ayrılmaq istədiyimi, buna görə də mobil nömrələrlə, sosial şəbəkə hesablarını qara siyahıya atdığımı dedim. Bu səbəbdən Pərviz mənimlə mübahisə etməyə başladı. Mübahisə zamanı isə şillə ilə iki dəfə sifət və qulaq nahiyəmə zərbə vurdu.

Orada olan qızım bizi aralaşdırdı. Bundan sonra Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vurdum, bu barədə məlumat verdim. Daha sonra Pərviz gedərək oradan uzaqlaşdı”. 
Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Pərvizin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Demokrat.az

12:12 - 15 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin