“Araz market”də mal əskik gəldi, mağaza müdiri işçini döydü - TƏFƏRRÜAT

 “Araz market”də mal əskik gəldi, mağaza müdiri işçini döydü - TƏFƏRRÜAT

Bakının Sabunçu rayonunda 1988-ci il təvəllüdlü Elşad tanışı Səfərə xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə 19 oktyabr 2022-ci ildə Sabunçu rayonu,Yeni Ramana qəsəbəsində baş verib. 

Elşad fərdi evinin yaxınlığında icarəyə götürüdüyü mağazada əvvəllər mal qəbuledicisi işləmiş Səfərlə mağazadan malların əskik gəlməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində mübahisə baş verib. 

Mübahisə zamanı Elşad əli ilə Səfərlinin boğazından tutaraq yerə yıxıb, dirsəyi ilə sifətindən vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Elşadın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elşad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Səfəri 2 ildən artıqdır tanıyır:

“Səfər icarə ilə işlətdiyim Ramana qəsəbəsində yerləşən mağazada mal qəbul edicisi vəzifəsində işləyib. 5 oktyabr 2022-ci ildə mağazaya mal verən “Araz" şirkətindən daxil olmuş malların hesabatını apardıqda mənə məlum oldu ki, mağazada mallar yoxdur, satışa verilməyib. Həmin vaxtı məlum oldu ki, təxminən 12.000 manatlıq mal mağazada yoxdur. Bundan sonra mağazada nəzarəti gücləndirdim, kameralarla müşahidələr keçirdim. Kameraya baxan zaman məlum oldu ki, mağazadan oğurluğu mal qəbuledicisi Səfər edir. Bundan sonra Səfərə bu barədə bildirdim. Səfər bu barədə heç kimə bildirməməyimi, oğurladıqlarını qəpiyinə kimi qaytaracağını bildirdi. Səfərə yazığım gəldi, mallara görə pulların qaytarılmasına möhlət verdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, səhəri günü Səfərə telefonla yığıb və pulu nə vaxt ödəyəcəyini soruşub:

“Səfər pul verməyəcəyini, mağazada olmuş oğurluqla bağlı polisə müraciət etməyimi bildirdi. Oktyabrın 17-də Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə getdim, Səfərin mağazadan oğurluq etməsi barədə ərizə yazdım. Səfərə etdiyim yaxşılıqlannın əvəzində onun mənə qarşı etdiyi hərəkəti özümdə bağlışlaya bilmədim. Səfərə zəng edərək görüşmək istədiyimi bildirdim”. 

Təqsirləndirilən şəxs deyib ki, oktyabrın 17-də, səhər saat 9 radələrində Səfəri onun yaşadığı evdən götürüb və idarə etdiyi avtomobillə özünə məxsus evinə tərəf gətirib: “Səfərlə avtomobildən düşdük, küçədə söhbətə başladıq. Səfərdən mağazadan oğurladığı mallara görə pulları nə vaxt qaytaracağını soruşdum. Səfər mənə veriləsi bir manat belə pulunun olmadığını dedi, şikayət etməyimi bildirdi. Həmin vaxt əsəbləşib Səfəri vurdum”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Səfərin sözlərinə görə, Elşad onunla qonşuluqda yaşayır: “Elşad yaşadığı evin yaxınlığında olan bir mərtəbədən ibarət mağazanı icarə əsasında işlədir. Elşad həmin mağazanı “Araz” mağazalar şirkəti ilə işlədir. Mənimlə Elşad ilə əvvələr yaxın münasibətimiz olduğundan həmin mağazanı açılışından onun yanında işləmişəm. Mağaza açılandan sonra 2022-ci ilin fevral ayından həmin mağazada mal qəbulçusu işləmişəm. Mağazadan məndən başqa iki nəfər qız da işləyib”. 
Zərərçəkmiş deyib ki, oktyabrın 16-da Elşaddan icazə alıb və Salyan rayonuna gedib: “Salyan rayonunda olarkən Elşad mənimlə əlaqə saxlayaraq mağazadan 6000 manat malın əskik gəlməsini, bununla bağlı məndən şikayətçi olmasını və Bakı şəhərinə qayıtmağımı bildirdi. Bakı şəhərinə birbaşa Elşadın işlətdiyi mağazaya qayıtdım və Elşadda mağazanın qarşısında rastlaşdıq. Elşad icarə əsasında işətdiyi mağazadan 6000 manat malın əskik gəlməsini, məndən şübhələnməsini bildirdi. Elşada mağazadan oğurluq etmədiyimi, məndən şübhələndiyi halda polisə müraciət etməsini bildirdim. Elşad məndən artıq Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etməsini bildirdi. Elşad məndən mağazadan əskik gəlmiş malların 6000 manat pulunu tələb etdi. Elşada mağazadan hər hansı bir məbləğdə malın pulunu mənimsəmədiyimi bildirdim və mənə hər hansı bir məbləğdə pul qaytarmayacağını bildirdim”. 

Səfərin ifadəsinə görə, oktyabrın 19-da, saat səhər 09 radələrində yaşadığı evdə olarkən evin qapı və pəncərəsinin döyülməsini eşidib: “Çölə çıxdıqda Elşadın olmasını, mənimlə işinin olmasını bildirdi. Elşad mənə idarə etdiyi avtomobilə əyləşməyimi bildirdi. Elşadın idarə etdiyi avtomobilə əyləşəndən sonra idarə etdiyi avtomobili yaşadığı evdən aralı olan Ramana qəsəbəsində yeni tikdirdiyi evinin yaxınlığına sürdü. Evin yaxınlığında maşını saxladı və biz maşından düşdük. Maşından düşdükdə Elşad yenə məndən mağazadan əskik gəlmiş malların 6000 manat pulu tələb etdi. Her hansı bir məbləğdə pul verməyəcəyimi bildirdim. Mübahisə edib nəlayiq sözlərlə təhqir etdi, hər iki əli ilə boğazımdan tutaraq idman fəndi işlədərək yerə yıxdı. Dirsəyi ilə sifət nahiyəmdən zərbə vurdu. Mənimlə Elşad arasında olan hadisəyə dayım oğlu Anar və qardaşım Ruslan da gələrək çıxdı. Bizi ayırdılar”. 

Bu cinayət işinə Sabunçu rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Elşadın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
 

Demokrat.az

17:36 - 14 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin