Naxçıvanın Şərur rayonunun Mahmudkənd kəndində yas mərasimlərində ehsan verilməsi qadağan edilib. Kənd əhalisi qərara alıb ki, 3, 7 və 40 mərasimlərində ehsan verilməsin.
Asayis.Az xəbər verir ki, məsələ ilə bağlı ilahiyyatçı Ağa Hacıbəyli Demokrat.az-a açıqlamasında deyib ki, digər kəndlərdə də yas mərasimlərilə bağlı məhdudiyyətlər var:
“Media bunu işıqlandırmayıb heç vaxt. Elə bölgə tanıyıram ki, orada 30 ildir yaslarda eyni cür yemək verilir. Şirniyyatdan ümumiyyətlə istifadə edilmir. Həmin bölgənin əhalisi düşünür ki, şirniyyat toylara xas bir qidadır. Yasda ancaq bir cür yemək, halva və limon qoyulur”.
O qeyd edib ki, İslam dininə görə yas yalnız 3 gün tutulmalıdır:
“Sevgili Peyğəmbərimizin dövründə vəfat edən bir insanın yasına qohum-qonşu, yaxınlar gedər, mərhumun ailə üzvlərinə baş sağlığı verər, dərdlərinə şərik olardılar. Allah Rəsulu hədislərində buyurur ki, qonşular özlərilə yemək götürsün, yas olan evdə ailə üzvlərilə birgə yesinlər, ev sahibinə, yük düşməsin.
1400 il ərzində hər şey o qədər tərsinə dövran edib ki, bu gün ev sahibi məcburdur ki, yas mərasimində mərhum üçün süfrə açsın. Hətta bəzi insanlar ətrafın qınağından çəkinib, daha zəngin süfrə açır. Kimsə vəfat edəndə sanki yas deyil, toy məclisi qurulur”.
İlahiyyatçının fikrincə, məscidlərə təyin olunmuş axundlar, ayrı-ayrı din xadimləri bu məsələni daim gündəmdə saxlamalıdırlar:
“Hansısa bölgənin adəti deyil, İslam dininin ənənələri təbliğ olunmalıdır. Məclisləri din xadimləri aparır. Bu məsələ barəsində dinimizə söykənib bir fikrin üzərində dayansalar, insanların düşüncəsi də dəyişər”.