Abşeron rayonunda 1974-cü il təvəllüdlü Rəvan ailə münaqişəsi zəminində həyat yoldaşı Ramiləyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Asaayis.Az-ın məlumatına görə, hadisə bu ilin mayın 15-də baş verib.
Rəvan həmin gün arvadı Ramilə ilə arasında yaşadıqları evdəki əşyaların yerlərinin dəyişdirilməsi ilə bağlı mübahisə baş verib.
Mübahisə zamanı Rəvan şillə və yumruqlla arvadının sifət, əl və bədən nahiyələrinə qəsdən ardıcıl zərbələr vurub.
Hadisəni törədən Rəvanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəvan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, 1997-ci ildə Ramilə ilə ailə həyatı qurub, birgə nigahdan iki uşaqları dünyaya gəlib:
“Mayın 15-də, saat 23 radələrində yaşadığım Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evimdə olan zaman hamam otağında mənə məxsus rəfə ailə üzvlərim tərəfindən başqa əşyaların doldurulması ilə əlaqədar narazılıq etdim. Həmin vaxt arvadım Ramilə ilə aramızda sözlə mübahisələrimiz yarandı. Mübahisə zamanı Ramilənin otağına daxil oldum. Ramilə üstümə qışqıraraq üzərimə gəldi. Həmin vaxt Ramilənin sinəsindən kənara itələdim və arxası üstə divanın üstünə yıxıldı. Bu zaman evdə qızım Sevildən başqa şəxs olmayıb. Həmin hadisə zamanı Ramilənin sinəsindən kənara itələsəm də, onun başından və digər bədən nahiyəsindən vurmamışam”.
İş üzrə zərərçəkmiş Ramilənin sözlərinə görə, əri Rəvan heç bir səbəb olmadan evdə onunla və ailə üzvlərilə münaqişə yaradır, onu və qızı Sevili əxlaqsız söyüşlərlə söyür, təhqir edir.
Zərərçəkmiş qeyd edib ki, hadisə günü saat 23 radələrində yaşadıqları evdə əri Rəvan hamam otağında ləvazimatların yerinin dəyişdirilməsinə görə mübahisə yaradıb, onun başına və əlinə yumruq zərbələri ilə, eyni zamanda əlinin iç hissəsi ilə vuraraq onu döyüb.
Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Rəvan 1 il müddətinə aylıq qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla islah işləri cəzasına məhkum edilib.
Demokrat.az