“Şeytantəpə” parkında qohumlar arasında qanlı dava - TƏFƏRRÜAT

 “Şeytantəpə” parkında qohumlar arasında qanlı dava - TƏFƏRRÜAT

Lerik rayonunda 1975-ci il təvəllüdlü Rasif qohumu Vaqifə xəsarət yetirib. 

Asayis.Az-ın məlumata görə, Rasif 25 sentyabr 2021-ci ildə, saat 20 radələrində sərxoş vəziyyətdə Lerik şəhəri, Nizami küçəsində yerləşən parka gəlib. 

Orada qohumu, Lerik şəhər sakini Vaqifələ görüşərək əvvəllər aralarında şəxsi münasibətlər zəminində mövcud olan narazılığa görə söhbət etdikləri zaman sonuncu onun ünvanına nalayiq ifadələr işlətdiyindən yenidən mübahisələri yaranıb.  

Mübahisə zamanı Rasif üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən turist bıçağı ilə Vaqifin sol qol nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq ona xəsarətlər yetirib.

Hadisəni törədən Rasifin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rasif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, qohumu Vaqiflə əvvəllər onunla kobud zarafatlar etdiyindən aralarında sözlə mübahisələri olub, həmin zarafatlara son qoymaq üçün onunla söhbət etmək məqsədi ilə 25 sentyabr 2021-ci ildə, saat 20 radələrində Lerik şəhərinin “Şeytantəpə” adlanan ərazisində yerləşən parka gedib: “Orada Vaqif ilə görüşdüm və söhbət edərkən Vaqif ünvanıma nalayiq söyüşlər söydü. Mən də üzərimdə gəzdirdiyim bıçağı cibimdən çıxardım və Vaqifin sol qolundan vurdum. Bu zaman Vaqif qolunu tutaraq qaçdı. Evimə gedərkən polislər məni saxladı, olis şöbəsinə apardı. Orada sorğu-sual zamanı cinayəti Vaqifin mənimlə mütamadi olaraq kobud zarafatlar etməsi nəticəsində yaranmış mübahisə zamanı törətdiyimi bildirdim”. 

İş üzrə zərərçəkmiş Vaqifin sözlərinə görə, qohumu Rasif əvvəllər bir neçə dəfə sərxoş vəziyyətdə ona sataşıb, söz atıb, lakin Rasifə əhəmiyyət verməyib:

“Sentyabrın 25-də, saat 20 radələrində Lerik şəhərinin “Şeytantəpə” adlanan ərazisində yerləşən mağazadan siqaret aldım. Parkla işlədiyim bərbərxanaya gedərkən Rasifin nəsə deyinə-deyinə gəldiyini gördüm. Onun içkili olduğunu hiss etdim. Rasif yaxınlaşaraq əlində olan bıçaqla sol qolumun iç səthinə bir dəfə zərbə vurdu. Mən də Rasifi təpiklə vurdum. Rasifin yenidən bıçaqla zərbələr vurmaması üçün oradan yola tərəf qaçdım və əmim oğlunu gördüm. Ona Rasif tərəfindən bıçaqlandığımı dedim və məni xəstəxanaya çatdırmasını xahiş etdim. Əmim oğlu da məni xəstəxanaya çatdırdı. Bir müddət orada müalicə olundum”. 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasif 4 il müddətinə azadlıqdan məhrum edilib. 
 

15:48 - 12 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin