"500 hektar torpaq sahəsinə görə Vilyam Hacıyevə 85 min manat verdim"

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahidlər dindirilir.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid Eldəniz Nəbiyev sahibkar olaraq fəaliyyət göstərdiyini deyib:

"Fermer təsərrüfatı ilə bağlı arayış lazım idi. Rayon İcra Hakimiyyətinin baş mühasibinə yaxınlaşanda bildirdi ki, rayonun abadlaşdırılması üçün köməklik lazımdır. Buna görə ona 3 min manat verdim".

Digər şahid Fariz Əliyevin sözlərinə görə, rayonda əkinçiliklə məşğul olur. O bildirib ki, 500 hektar torpaq sahəsi almaq üçün rayonun baş mühasibinə pul verib: "Rayonda əkinə yararlı torpaqlar paylanılırdı. İcra hakimiyyətinin hüquqşünası Rahib Zaidova bu məsələ ilə bağlı söylədim. O, məni baş mühasib Cəmil Musayevə yönəltdi. 500 hektar torpaq sahəsinə görə İmişli Rayon İcra Hakimiyyətinə 85 min manat pul verdim".

Şahid Xankişi Babayev deyib ki, rayonda 3 otaqlı sosial evin alınmasına görə İmişli RİH-dən 20 min manat pul istənilib. Onun sözlərinə görə, RİH-dən Cəmil adlı şəxsə 18 min pul təqdim edib.

Məhkəmənin növbəti iclası mayın 13-nə təyin edilib.

13:19 - 6 May 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin