Kliniki Tibbi Mərkəzə COVID-19-a yoluxmuş 939 hamilə və zahı qadın yerləşdirilib

 Kliniki Tibbi Mərkəzə COVID-19-a yoluxmuş 939 hamilə və zahı qadın yerləşdirilib

Son bir ildə Kliniki Tibbi Mərkəzə (KTM) COVID-19-a yoluxmuş 939 hamilə və zahı qadın yerləşdirilib ki, onlardan da 260-nın vəziyyəti kritik ağır olub.

KTM-nin mətbuat katibi Elnur Hidayətoğlunun məlumatına görə, bu müddət ərzində müraciət edənlərin 903-ü hamilə, 36-sı zahı olub. Həkimlərin səylərinə baxmayaraq, Mərkəzə yerləşdirilən və vəziyyəti olduqca ağır olan 260 hamilə qadından 20-nin həyatını xilas etmək mümkün olmayıb.

Koronavirusa yoluxmuş 903 hamilə qadından 287-si (75-i birbaşa doğum zalına aparılıb) övladını dünyaya gətirib, 39-u isə düşüklə nəticələnib. 577 hamilə qadının vəziyyəti yaxşılaşdığı üçün isə evə buraxılıb.

Dünyaya gələn uşaqlardan 7-si diri doğulsa da, ağciyər çatışmazlığı səbəbindən vəfat edib.Məlumat üçün bildirək ki, hazırda hamilə qadınların digərləri ilə müqayisədə COVID-19-a yoluxma şanslarının daha yüksək olub-olmadığı və ya daha ağır keçirib-keçirmədikləri məlum deyil. Hamilə qadınların yaşadıqları fizioloji dəyişikliklər onların bəzi infeksiyalara yoluxma risklərini artıra bilər. COVID-19 tipli eyni növdən olan viruslara və ya qrip kimi digər tənəffüs yoluxucu infeksiyalara yoluxmuş qadınlarda xəstəliyin ağırlaşma riski daha yüksəkdir. Buna görə də hamilə qadınların həmişə özlərini xəstəliklərdən qorumaları şərtdir.

Xəstəlikdən qorunmaq üçün isə gigiyena qaydalarına tam əməl etmək, sosial məsafə saxlamaq və insanların çox olduğu yerlərdən uzaq olmaq lazımdır.

Xatırladaq ki, Səhiyyə Nazirliyi risk qrupuna daxil olan hamilə qadınları (yaşı 35-dən yuxarı olanlar, piylənmə, diabet, hipertenziya, böyrək və qaraciyər xroniki xəstəlikləri, autoimmun sistem xəstəliklərindən əziyyət çəkənlər, çoxdöllük və s.) hamiləliyin 12 həftəsindən sonra “Pfizer” vaksini ilə peyvənd olunmağı tövsiyə edir

10:21 - 11 Yanvar 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin