Meliorasiya və Su Təsərrüfatı ASC-dən bildirilib ki, Laçın rayonu ərazisində “Həkəriçay” su anbarının və ondan ayrılan magistral boru xətlərinin layihə sənədlərində Şuşa, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam rayonlarının və Bakı şəhərinin yüksək keyfiyyətli içməli su ilə təmin olunması nəzərdə tutulur.
Layihənin istifadəyə verilməsi nəticəsində 3 milyona yaxın insanı içməli su ilə təmin etmək mümkün olacaq.
Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, ekspert Rövşən Abbasov Demokrat.az-a açıqlamasında deyib ki, Həkəriçayın suyu keyfiyyətli və içməyə yararlıdır:
“Bu çay öz mənbəyini Qarabağ yaylasının vulkanik süxurlarından götürür. Minerallarla, xüsusilə yodla zəngindir. Böyük Qafqaz dağlarının su mənbələrində yod az olduğu üçün əhalinin səhhətində müəyyən problemlər yaranır. Bu problemin həll olunması baxımından Həkəriçayın suyundan istifadə etmək olar”.
Ekspert onu da qeyd edib ki, su mənbələrindən içməli su üçün istifadə edilən zaman son dərəcə diqqətli olmaq lazımdır:
“Bakıda əhaliyə verilən içməli suyun təxminən 50 faizə qədəri itkiyə gedir. Su israf ola-ola yeni su mənbələrindən istifadəni elə də doğru hesab etmirəm. Unutmayaq ki, Həkəriçayda yüksək səviyyədə ekosistem birləşib. Bura qiymətli Araz balıqlarının, nərə balıqlarının kürü tökmə yeridir.
Ətraf-mühitə təsirini qiymətləndirməliyik. Kimlərsə tərəfindən ağına-bozuna baxmadan tələskənliyə yol verilməsinə şərait yaratmaq olmaz. Su mənbələrindən içməli su üçün istifadə çox ciddi məsələdir. Ətraflı müzakirələr aparılmalıdır”.