“Türklər gördülər ki, mahnı yavaş-yavaş qalxır...” - Rüfət Nasosnu

 “Türklər gördülər ki, mahnı yavaş-yavaş qalxır...” - Rüfət Nasosnu

Rüfət Nasosnu kimi tanınan meyxanaçı Rüfət Kərimov “Yine aylardan kasım” adlı məşhur türk mahnısını səsləndirdiyi üçün tənqid olunmasına münasibət bildirib.

Asayis.Az xəbər verir ki, R.Nasosnu Pravda.az-a müsahibəsində deyib ki, sosial şəbəkədəkilərin, demək olar, 70%-i özündən əvvəl yazılan rəylərə uyğun fikir bildirir: “İnsanlar belədir, buna “kütlə psixologiyası”, “kütlə xəstəliyi” deyirlər. Kütlə nə deyirsə, onu yazırlar. Heç bilmirlər ki, söhbət nədən gedir. Bəzən heç mətnin içinə girmirlər, başlığa uyğun reaksiya verirlər. Musiqidən anlayışı olan da, olmayan da şərh yazır. Bu da bəzi insanların acizliyindən, düşüncəsizliyindəndir. Adam var ki, işdə müdiri onu söyür, müdirə cavab verə bilmir, gəlir sosial şəbəkədə məni söyür. Adam da var ki, evdə arvadı üstünə qışqırır, arvadına cavab verə bilmir, girir şəbəkədə məni söyür. Eləsi də var ki, oğlu-qızı narkomandır, gecə evə 4-də, 5-də gəlir, ona reaksiya verə bilmir, o da gəlir məni söyür. Adam da var, pensiyasını ala bilmir, bir gün gecikəndə girir sosial şəbəkəyə məni söyür... Millət bir az aqressivləşib. Əvvəl belə şeylər yox idi. Xarici ölkələrdə kimisə təhqir etmək yoxdur. Sosial şəbəkədə kimisə təhqir edəndə belə söyüşü tam yaza bilmirlər, çünki sosial şəbəkə həmin adamı avtomatik bloka atır. Buna görə də söyüşlərə defis, tre kimi işarələr qoyub yazırlar. Deyəsən, “Tik Tok”da artıq belə bir qayda var. Ümumiyyətlə, bizdə rəy yazmaq mədəniyyəti yoxdur. Xoşun gəlmirsə, qulaq asma. Bazarda kartof almaq istəyirsən, xoşuna gəlməyən kartof olanda satıcını tutub döyürsən, ya təhqir edirsən? Onu almırsan, gedib yaxşısını alırsan. Məndən xoşun gəlmir? Məndən xoşu gələnlər var, mən onlar üçün oxuyuram, qulaq asırlar. O mahnını elə bir məclisdə oxumuşam ki, orada iki nəfər Xalq artisti olub. Adlarını çəkmək istəmirəm. Artıq biri dünyasını dəyişib, digəri isə hazırda sağdır. Onlar bu mahnını mənim ifamda bəyəniblər. Hətta verilişlərdə də oxumuşam, müəyyən müğənnilər olub ki, onlar da bəyəniblər. Tənqid edənlər müsiqidən anlayışı olmayan adamlardır. Bir-iki dəfə onlara fikir verdim. Kimə cavab verirsənsə, biri deyir “əmim oğlu yazıb”, digəri deyir “balaca uşaq yazıb”, “qızım yazıb...” Hamısı belə bəhanələr gətirir. Mən müğənni deyiləm, meyxanaçıyam. Ürəyim istəyir, mahnı da oxuyuram”.

Meyxanaçı düşünür ki, “Yine aylardan kasım” onun ifasında normal alınıb: “Aranjımanı da superdir. Pis olsaydı, Türkiyədən bu mahnıya “lisans” gəlməzdi. Milyondan çox baxış olmuşdu. 2-3 min şərh var idi. Hamısı yazırdı ki, superdir. Türklər özləri gördülər ki, bu mahnı yavaş-yavaş qalxır. Mahnını 2013-cü ildə səhhətimin pis olan vaxtında oxumuşam. Türk müğənni Fatih Kısaparmağın repertuarından “Bu adam benim babam” mahnısını da oxumuşam. Bu yaxınlarda verilişlərin birində həmin mahnını canlı oxudum. Super effekt verdi. Bütün sosial şəbəkələrdə paylaşdılar. Milyonlarla baxışı var. Hamı da bəyənib. Müəllifi olduğum “Ata” şeiri də Azərbaycanın “Tik Tok” platformasında ən çox paylaşılan materiallardandır.  36600 nəfər paylaşıb, 139 min bəyənmə var. 10 min nəfər isə yükləyib, 3 milyona yaxın baxış olub. Bu, böyük bir şeydir. Başqa videoları 5-6 min nəfər paylaşır, o da baxır, nəyi. 15 saniyəlik videolar paylaşırlar, mənim şeirim isə 2-3 dəqiqəlikdir. Bu da meyxananın uğurudur”.

R.Nasosnu son zamanlar aparıcısı olduğu “Meyxəbər” verilişində digər həmkarları ilə birgə tənqid edilməsinə, meyxanaçılara qarşı səsləndirilən sərt fikirləri belə qiymətləndirib: “Mənim çox səviyyəli, samballı, ali təhsilli dostlarım var, müəyyən dövlət strukturlarında işləyirlər, bizneslə məşğul olurlar, onların arasında alimlər də var. İşlərimin çoxunu onlara uyğun qururam, onlarla məsləhətləşirəm. “Meyxəbər”ə də qulaq asırlar, deyirlər ki, əla verilişdir. Biz o verilişdə özümüzdən qeyri-adi nəsə demirik. Xəbərləri bütün saytlar, AZTV də verir. Biz də gündəlik xəbərləri götürüb yumoristik qaydada müzakirə edirik. Bu tip verilişlər bütün dünyada var. Meyxanaçıları gündəmə gətirirlər, çünki meyxanaçılarla gündəm tutmaq olur. Sosial şəbəkə istifadəçilərinin çoxu 14-25 yaş arası olanlardır. Onlar da meyxanaya daha çox meyillidirlər. Xəbərə tez reaksiya verirlər”.

18:00 - 23 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin