Karl Bents dünya avtomobil sənayesinin pioner titulunu itirə bilər.
Ötən ilin yaz aylarında, Leypsiqin (keçmiş Şərqi Almaniya) yaşayış massivlərindən birində yerli Ost Klassiker Club Wolkramshausen üzvləri maraqlı tapıntı ediblər. Köhnə bir evin qarajının, qaranlıq küncündə, zibilin arasından daxili yanma mühərriki və üç təkəri olan bir avtomobil tapdılar. Onlar avtomobili burada yaşayan yaşlı dul qadından bir neçə yüz avroya aldılar.
Avtomobildən bir əsrlik tozu təmizləyən xoşbəxt almanlar, başa düşdülər ki, onların qarşısındakı, planetdə yaranan ilk avtomobillərdən biridir. Bu nadir tapıntı, ümumiyyətlə, Bentsin məşhur 1886-cı il üç təkərli arabasına bənzəyir. Tanınmış alman antikvar avtomobil eksperti Hubert Reyn - "Biz həqiqətən sensasiyaya ümid edirik" dedi.
Mərkəzi Alman Radiosunun (Mitteldeutscher Rundfunk) Drezdendəki Nəqliyyat Muzeyinin nümayəndələrinə istinadən verdiyi məlumata görə, tapıntının dünyada daxili yanma mühərriki olan ən qədim avtomobil (120 ildən çox) olması istisna deyil, yəni, Karl Bentsin ixtirasından daha qədimdir.
Mütəxəssislərin bunu iddia etmək üçün əsası var: o illərdə Karl Bents artıq metalla işləyirdi, öz avtomobili üçün polad borulardan çərçivə düzəltmişdir. Şərqi Almaniyadan gələn tapıntı isə əsasən ağacdan hazırlanıb: gövdə, təkər çarxı, skamya oturacaq – hamısı ağacdan hazırlanıb. Mercedes-Benz muzeyinin mütəxəssisləri tapıntı haqqında tanışdırlar və etiraf etmək lazımdır ki, bundan çox da məmnun deyillər. Hər halda, onlar, bu il bir neçə təkrar etməli oldular ki, məhz onların avtomobili ən köhnə avtomobilidir. Fiziklər və hətta məhkəmə ekspertləri avtomobil klubunun üzvlərinin köməyinə gəliblər – onlar birlikdə üç təkərli tapıntını və onun hər bir elementini ayrıca diqqətlə öyrənirlər.
Avtomobilin uzunluğu 2 metrdir, tək silindrli mühərriki (təxminən 140-dan 150 sm3 – dək), 2 ötürücülü və əyləcli bir sükan çubuğu var. Üç təkərli avtomobilin seriya nömrə nişanı yoxdur, yalnız mühərrik blokunda "24" rəqəmini oxumaq olar. Hətta Drezden Nəqliyyat Muzeyinin və Ştutqartdakı Mercedes-Benz Muzeyinin mütəxəssisləri də onun mənşəyini müəyyən edə bilməyiblər.
Hal-hazırda tapıntı, Şimali Türingiyada gizli yerdə saxlanılır və yad gözlərdən yaxşı qorunur. Ost Klassiker Club Wolkramshausen üzvləri texniki ekspertlərlə birlikdə nəhayət öz qərarlarını vermək üçün avtomobili əzmlə öyrənməyə və təhlil etməyə davam edirlər. Kim bilir, bəlkə də hamımızı əsl sensasiya gözləyir. Və bu, artıq cari ildə, yəni 2022-ci ildə baş verəcək...
Araşdırmaçı-avtoekspert, Natiq Əliyev