Yanvarın 4-də Bakıda qətlə yetirilən Nahidə Həsənovanın doğranmış cəsədinin videogörüntüləri sosial şəbəkələrdə yayılıb.
Dəhşətli görüntülərdə qadının başının bədənindən ayrıldığı və qollarının kəsildiyi görünür. Bununla da onu əri Orxan Alıyevin vəhşicəsinə öldürdüyü məlum olub.
“Lider” televiziyasının texniki işçisi olan Nahidə Həsənovanın əri Orxan Alıyev onun həm də xalası oğlu olub. Bundan öncə bir neçə dəfə mübahisələri düşən cütlük dəfələrlə qeyri-rəsmi olaraq ayrılıblar. Yaxın qohum olmaları və ailə üzvlərinin xahişi ilə hər ayrılıqdan sonra barışsalar da, bu münasibət sonda qətllə yekunlaşıb.
Cütlük sonuncu dəfə Xətai rayonu, Əhmədli qəsəbəsi, Əliağa Şıxlinski küçəsi 29/42 ünvanında yaşayıb. Elə qətl hadisəsi də bu evdə baş verib. Onların övladı da həmin evdə yaşayıb. Hadisə ilə bağlı istintaq ilkin mərhələdə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlatsa da, sonradan qətlin dəhşətli məqamları üzə çıxıb. N.Həsənovanın doğranaraq öldürülməsinə görə iş daha ağır maddəyə tövsif edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 4-də Xətai rayonu ərazisində Nahidə Həsənovanın qəsdən öldürülməsi faktı ilə bağlı başlanan cinayət işi üzrə təqsirləndirilən şəxs Orxan Alıyevin əməli Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən həmin Məcəllənin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.
Hazırda istintaq davam edir. Qeyd edək ki, O.Alıyevi CM-nin 120.1-ci maddəsi ilə 9 ildən 14 ilədək həbs cəzası gözləyirdi. Ağırlaşdırılan CM-nin 120.2.4-cü maddəsiylə isə O.Alıyev 14 ildən 20 ilədək azadlıqdan məhrum edilə bilər.//qafqazinfo