“İlin sonunda referendumun keçirilməsi ilə bağlı hər hansı bir rəsmi məlumatım yoxdur. Mən bu haqda bəzi insanlardan, eyni zamanda mediadan oxumuşam. Lakin bu məsələ son zamanlar çox müzakirə edilir. İndi hansının doğru, hansının yalan olduğunu deyə bilmərəm, amma bununla bağlı müzakirələr getdiyi üçün istənilən halda əsaslar yəqin ki, mövcuddur”.
Asayis.Az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının (MCP) lideri Razi Nurullayev deyib.
O, ilin sonunda keçirilməsi planlaşdırılan referendumla bağlı fikirlərini bölüşüb.
Xatırladaq ki, iddialara əsasən, yeni referendumdan sonra parlament üzvlərinin sayının 151-ə çatdırılması ilə yanaşı, Milli Məclisin ikipalatalı sistemə keçirilməsi, habelə proporsional seçki sisteminin tətbiqi də gündəmdədir. Bundan başqa, icra hakimiyyətlərinin ləğvi və əvəzinə 14 iqtisadi rayonda Prezidentin yerli nümayəndəliklərinin yaradılması da gözlənilir.
Öz növbəsində isə R. Nurullayev qeyd edib:
“O ki qaldı Milli Məclisin tərkibinin genişləndirilməsi, yəni iki palatalı parlament institutunun yaradılması ilə bağlı səslənən iddialara, istənilən halda hər bir islahat onsuz da həm müsbət, həm də mənfi tərəfləri ilə gündəmə gəlir.
Amma dünyada ikipalatalı parlament sistemləri çoxdur ki, bu da özünü doğruldub. Azərbaycanda bu hansı zərurətdən ola bilərsə, gərək, bununla bağlı müzakirələr aparılmalı və dinləmələr olmalıdır ki, müvafiq sistemin mənfi və müsbət tərəflərini analiz edə bilər. Amma mən ikipalatalı parlament haqqında elə bir ciddi araşdırma aparmamışam”.
MCP sədri xatırladıb ki, Azərbaycanda parlament üzvlərinin hərəsinə bəzən 40-50 min seçici düşür:
“Problemlərin bol olduğu bir yerdə deputatın seçicilərlə məşğul olmaq imkanları məhdudlaşır. Bəlkə də deputat yerlərinin artırılması məntiqə uyğun ola bilər. Mən buna etiraz etməzdim, çünki mənə elə gəlir ki, bu pis bir hal olmaz. Ona görə ki, həm Azərbaycanın əhali sayı artıb, 7 milyon olan zaman da bu şəkildə idi, indi də elədir. Lakin o dövrdən bəri indiyə qədər əhalimiz 3 milyon çoxalıb və demoqrafik artım sürətlə gedir. Bu baxımdan deputat yerlərinin artırılması, məncə, pis olmaz.
Majoritar və proporsional seçki sisteminin tətbiq olunmasına gəldikdə isə Azərbaycanda bu sistem olub, yəni belə bir ənənə və təcrübəmiz var. Əgər bunu tətbiq edərlərsə, bunu irəliyə doğru bir addım kimi qiymətləndirmək olar”.