Ermənilərin tarixən öz yalanlarını tirajlaması təəccüblü deyil. Təəssüflə qeyd etməliyik ki, dünyada "hay uydurmalarına" inananların sayı da kifayət qədərdir. Bu dəfə də erməni kinematoqrafçıları növbəti uydurmalarını filmə çeviriblər.
Əvvəlindən son epizodunadək yalan və böhtanlarla dolu bu dırnaqarası ekran işində Ermənistanın bölgədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyətini, hər gün onlarla erməni sakinlərin məntəqədən hər iki istiqamətdə keçməsi və Azərbaycanın “Ağdam-Xankəndi” marşrutu daxil olmaqla, alternativlər irəli sürməsini gözardı edilərək, “blokada” barədə yalanları əks olunub.
Filmin uydurmalardan ibarət hər səhnəsində rejissor Azərbaycanlı hərbçiləri Laçın dəhlizinin blokadasında rol oynamaqda günahlandırmaqla yanaşı, ölkəmizi aqressor kimi göstərib.
Ümumiyyətlə, 44 günlük Vətən müharibəsindən keçən 3 ilə yaxın müddət ərzində Ermənistanda bu savaşa həsr edilən çoxsaylı filmlər çəkilib. Onların arasında Fransada yaşayan erməni rejissor Nora Martirosyanın saxta təxəyyülünün məhsulu olan “Əgər külək əsərsə”, “45 Gün: millət uğrunda mübarizə”, 2016-cı ilin aprel döyüşlərinə həsr olunan “Bahar...” və digərləri yer alıb.
Bəs görəsən, bizdə vəziyyət necədir? Təəssüf ki, Vətən müharibəsində qazandığımız parlaq qələbəni nəinki layiqincə filmə baxa bilməmişik. Amma soruşanda deyirlər çəkirik, yaxud çəkləcək. Bəs nə vaxt?
Yazıçı Aqil Abbasın ssenarisi əsasında çəkilən və Qarabağ müharibəsindən bəhs edən “Dolu” filminin rejissoru Elxan Cəfərov da bu fikirdədir. Bu barədə düşüncələrini News24.az-la bölüşən rejissor durğunluğu kino sahəsindəki inzibati dəyişikliklərlə qismən əlaqələndirərək bildirdi ki, Prezident İlham Əliyevin Kino Agentliyinin yaradılması barədə 20 aprel 2022-ci il tarixli fərmanı Azərbaycan kinematoqrafiyasını canlandıracaq:
“Bunda ssenaristin, rejissorun, ümumiyyətlə yaradıcı insanın günahı yoxdur. Bu gün kinomuz dövlət qurumunun sistemləşdirilməsi prosesindən asılı bir vəziyyətdədir. Qalibiyyətin mesajları daha polifonik, geniş, məsuliyyətli və gələcəyə yönələn olmalıdır. İlk növbədə mən 2020-ci ildən bu yana qeyd edirəm ki, biz qələbə faktorunu tam mənimsəyib, nəticələr çıxarıb, deyəcəyimiz fikirlərin məsuliyyətini daşıyacaq qədər məsuliyyət var. Yəni, dərhal qalibiyyət əldə etdik və filmlər çəkdik. Bu, yaradıcı nöqteyi-nəzərdən də bir qədər çətindir. Biz uzun illər ermənilərin basqısı altında olmuşuq. Bir anın içində o transformasiyadan keçid çətindir. İctimai rəy buna hazır olmalıdır. Dövlət strukturlarında kino işi ilə bağlı sistemləşmə prosesinin yekunlaşmaması ilə bağlıdır”.
Daha bir kino rejissor Zaur Rəcəbov isə heç bir bəhanənin kinematoqrafiyadakı durğunluğa haqq qazandırmadığını düşünür. Onun sözlərinə görə, Böyük Vətən müharibəsindən keçən 78 il ərzində Rusiyada bununla bağlı xeyli film çəkilib və proses indi də davam edir. O, məğlub Almaniyanın da eyni mövzuda çoxsaylı filmləri nümayişə çıxardığını da əlavə edib. O ki qaldı Vətən müharibəsinə, bu mövzuda bir sıra sənədli filmlər olsa da, bədii janrda ekran işi yoxdur. Rejissor bu məsələni son dərəcə vacib sayır:
“Gələcək nəsillər görsün ki, 44 günlük müharibədə qələbəmiz necə ərsəyə gəlib. Qəhrəmanlarımız olub ki, bilə-bilə ki, şəhid olacaq, yenə düşmənin yaxasını buraxmayıblar. Mən bunu anlaya bilmirəm. Mən inanmıram ki, maliyyə problemi olsa, hansısa iş adamı buna maliyyə dəstəyi göstərməsinlər. Mədəniyyət Nazirliyi tender keçirməli idi ki, hansı senarini hansı rejissor çəksin. Bunun üçün maliyyənin tapılmamasına inanmıram. Mümkün deyil ki, möhtəşəm qələbəmizə aid ssenari olsun, onu çəkmək istəməsinlər. O qədər rejissorlarımız var ki, filmləri Azərbaycanda göstərilməsə də, Türkiyədə göstərilir və yüksək yerlər tutur. Nəyə görə bizdə o filmlər çəkilmir? Mən inanıram ki, bundan sonra Mədəniyyət Nazirliyində bir tərpəniş olacaq və 44 günlük müharibəmizi göstərən filmlər çəkiləcək”.Kinorejissor Cəmil Quliyev bu mövzuda filmlərin çəkilməməsi barədə deyilənlərlə razılaşmadı. Maraqlıdır ki, hörmətli rejissor hətta Vətən müharibəsində qələbəmizlə bağlı ekran əsərlərinin ərsəyə gəldiyini bildirdi. Hətta gileyləndi ki, nədənsə mətbuatın bu məsələdən xəbəri yoxdur:
“Vaqif Mustafayev və Vahid Mustafayev Vətən müharibəsinə həsr olunan qısametrajlı filmlərlər çəkib. Digər tərəfdən, hazırda istehsalata yeni filmlər buraxılıb. Filmlər çoxdur. Niyə yoxdur ki?! Ola bilər, siz görməmisiniz. Milli qəhrəmanlardan və şəhidlərdən filmlər çəkilib. Mən tarixçiyəm. Siz o sahəni başqa mütəxəssisə müraciət edin. Qarabağ müharibəsi ilə bağlı kifayət qədər bədii film çəkilib. Yenə də müsabiqə elan olunub və bu müsabiqənin nəticəsində hələ filmlər çəkiləcək. Bu mövzu çox çətin mövzudur. Mən hazırda film çəkmirəm”.
Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova sorğumuza cavab olaraq bildirdi ki, bu problemdən xəbərdardırlar. Hətta dövlət büdcəsindən kino istehsalı məqsədilə 5,5 milyon manat ayrılıb:
"Bu maliyyənin çox şəffaf və effektiv paylaşdırılması üçün müsabiqə elan olunub. Həmin məsələ kino ictimaiyyətinin diqqətini cəlb etdi. Ümid edirik ki. müsabiqəyə təqdim olunan filmlər arasında müharibə tematikasına həsr olunan filmlər olacaq və onlar Azərbaycan kinosu qalereyasında öz layiqli yerini tutacaq".