Göyçay rayonunda kütləvi zəhərlənmə hadisəsi olub.
Ötən gecə Göyçay şəhərindəki "Zeynəb" restoranında təşkil olunan iftar süfrəsində iştirak edən rayon sakinlərindən 10 nəfəri məclisdən sonra özlərini pis hiss ediblər.
Pomidordan zəhərləndiyi ehtimal olunan həmin şəxslər Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlar ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıblar.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı agentliyin mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb.
"Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək" - deyə qeyd olunub.
TƏBİB-dən verilən xəbərə görə, 19 aprel saat 00:49 da 10 nəfər (10 kişi) Alimentar Qastrid diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə daxil olub:
“Həkim heyəti tərəfindən vətəndaşlara ilkin zəruri tibbi yardım göstərilib və vəziyyətləri stabil olduğu üçün ambulator müalicə üçün buraxılıblar".