Bu yoldan yük maşınları keçir - Avtobuslar üçün isə bağlıdır

 Bu yoldan yük maşınları keçir - Avtobuslar üçün isə bağlıdır

Badamdar-20-ci sahə yolunun 5 ildir marşurt avtobusları üçün bağlı qalması vərəndaşların narazılığına səbəb olub.

Asayis.Az xatırladır ki, 2018-ci ildə Badamdar yamacında sürüşmə baş verdiyinə görə yolda hərəkət tamamilə dayandırılmışdı. Həmin vaxtdan marşurt avtobusları alternativ yollardan istifadə edir ki, bu da xeyli vaxt itkisinə səbəb olur.

Məsələn, əvvəl avtobusla Badamdardan 20-ci sahəyə 10 dəqiqəyə çatmaq mümkün idisə, indi alternativ yolla eyni məsafəyə 40-45 dəqiqəyə gedilir.

Bu ilin əvvəlində isə yolda aparılan təmir işləri başa çatıb, yük və minik avtomobillərinin hərəkəti tam bərpa olunub. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) sürücülərə müraciət edərək onları yenidən istismara verilmiş yoldan istifadə etməyə çağırıb.

Həmin vaxt Bakı Nəqliyyat Agentliyindən (Ləğv edilib) bildirildi ki, Fövqəladə Hallar Nazirliyinin sürüşmə zonasında apardığı işlər tamamlanmadığı üçün avtobusların yoldan istifadəsi uyğun görülməyib. Söhbət gedən vaxtdan 6 ay keçib. Ərazidə apardığımız müşahidə onu göstərir ki, yolun asvalt örtüyü yenilənib, xətlənib, hətta ilk dəfə olaraq yolda işıqlandırma sistemi qurulub.

Bayıl və Badamdar sakinlərinin müraciətini və məsələnin aktuallığını nəzərə alaraq müvafiq qurumlara yenidən sorğu ünvanladıq.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirildi ki, Badamdar-20-ci Sahə yolunda aparılan işlər başa çatıb: “FHN tərəfindən ərazidə işlər tamamlandığı üçün, Badamdar-20-ci sahə yolu ilə avtobusların hərəkəti müvafiq qurumların səlahiyyətinə aiddir.”

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) isə hazırda bu istiqamətində müvafiq işlər görüldüyünü deyir: “Bir neçə il əvvəl baş verən torpaq sürüşməsi ilə əlaqədar Badamdar-20-ci sahə və əks istiqamətdə hərəkət edən 53 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkəti alternativ yollardan keçməklə təşkil edilib. 53 nömrəli müntəzəm marşrutda avtobusların əvvəlki xətti üzrə hərəkətinin təşkili istiqamətində iş aparılır.”

Qeyd edək ki, 2018-ci ildə Badamdar yamacında sürüşmə olub. Təbii fəlakətdən sonra təhlükəsizlik məqsədilə ərazidə avtomobillərin hərəkəti dayandırılıb. Yapon və yerli mütəxəsislər tərəfindən yamacın problemlərini birdəfəlik həll etmək məqsədilə kompleks tədbirlər layihəsi işlənilib.

“Qafqazinfo”

17:20 - 8 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin