Azərbaycan Beynəlxalq Daşıyıcıları Assosiasiyasının (ABADA) təşkilatçılığı ilə Gəncə Peşə Hazırlığı Mərkəzində avtodaşıyıcılarla görüş keçirilib.
ABADA-dan Asayis.Az-a bildirilib ki, “Hər sürücü bir qəhrəmandır” devizi ilə keçirilən görüşdə tədbirlər planına uyğun olaraq, assosiasiyanın rəhbərliyi və Dövlət Məşğulluq Agentliyinin, Gəncə Peşə Hazırlığı Mərkəzinin nümayəndələri ölkənin Qərb bölgəsi üzrə beynəlxalq avtomobil daşıyıcılarının fəaliyyəti ilə məşğul olan avtodaşıyıcılarla görüşüb.
İyirmidən artıq şirkət nümayəndəsinin və sürücünün iştirak etdiyi görüşdə məqsəd avtodaşıyıcıların fəaliyyətləri ilə bağlı problemlər, beynəlxalq avtomobil daşımaları sahəsində yeni qəbul olunan normativ-hüquqi sənədlər barədə maarifləndirmək, sürücülərin peşə hazırlığı sahəsində görülən işlər, yeni iş yerlərinin açılması istiqamətləri və digər aktual məsələləri müzakirə etmək olub.
ABADA-nın baş katibi Kənan Qurbanov assosiasiyanın 6 ay ərzində həyata keçirdiyi tədbirlər, yeni layihələr və görülən işlər barədə hesabatla çıxış edib.
Gəncə Peşə Hazırlığı Mərkəzinin əməkdaşları Tural Allahverdiyev və Pərviz Əliyev mərkəzin sürücü hazırlığı və bu sahədə yeni iş yerlərinin açılması ilə bağlı geniş məlumat veriblər.
Tədbirdə daşıyıcıları maraqlandıran məsələlərə aydınlıq gətirilib, suallar cavablandırılıb. Sonda beynəlxalq daşımalar sahəsində fərqlənən sürücülər mükafatlandırılıblar.