Sürücülər üçün etibarnamə tələbi ləğv olunur? - AÇIQLAMA

 Sürücülər üçün etibarnamə tələbi ləğv olunur? - AÇIQLAMA

Avtomobili idarə etmək üçün etibarnamə tələbi aradan qaldırıla bilər. 

Asayis.Az
 xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsi Plenumunun 1 avqust 2023-cü il tarixli iclasında təklif irəli sürülüb. 

Qərara alınıb ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi olmayan şəxsin onu idarə etməsi üçün etibarnamənin zəruriliyi tələbinin müvafiq qanunvericilikdə aradan qaldırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun.

Gözlənilən dəyişikliklə bağlı Demokrat.az- açıqlama verən nəqliyyat eksperti Rövşən Həsənovun sözlərinə görə, nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə yalnız Azərbaycanda və Rusiyada tələb olunur:

“Dünyanın heç bir yerində belə şey yoxdur. Artıq kağız-kuğuz daşımaq və ya onlayn şəkildə telefonda fayl saxlamaq gərəksiz bir şeydir. Sürücü üçün artıq xərc və baş ağrısıdır. Bu yenilik sürücülərin işini asanlaşdıracaq. Biz də müasir dünyanın bir parçası kimi ona inteqrasiya etmək məcburiyyətindəyik”.



Bunu uğurlu addım kimi qiymətləndirən ekspert qeyd edib ki, nəqliyyatın texniki şəhadətnaməsi və onu idarə edənin sürücülük vəsiqəsi varsa, bu, kifayətdir:

“Tutaq ki, dostumun avtomobili mənə lazımdır. Etibarnamə almaqçün iki üsul var – hansısa notarial kontora və  ya ASAN Xidmətə getməliyəm. Daha rahat variantı isə odur ki, mobil tətbiqdən dostum mənə etibarnamə yazıb, verir, bu da Dövlət Yol Polisinin sistemində əks olunur. Görün, nə qədər maneələr var, üstəgəl, bununçün rüsum ödənilir. Niyə?! 

Qeydiyyat şəhadətnaməsi onsuz da nəqliyyat vasitəsinin içində olur. Sahibi onu digər şəxsə verirsə, demək ki, doğrudan da etibar edib, verir. Dünyanın heç bir yerində belə sistem yoxdur, bizdə də ləğv olunmalıdır”. 

Qeyd edək ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmadığı hallarda, nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi (ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla) İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olur.

 

15:18 - 2 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin