12 il əvvəl Bakı şəhərində avtobus dayanacaqlarında avtobusların nə vaxt yaxınlaşacağını göstərən iri monitorlar quraşdırılmışdı. Hansı ki, monitorlar vaxtilə informasiya vermək xüsusiyyəti baxımından böyük əhəmiyyətə malik olub. Sonradan onun fəaliyyəti Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi tərəfindən ləğv olundu.
Ancaq həmin monitorlar dayanacaqlarda yenə də “asılı” vəziyyətdə qalır. Onun niyə götürülməməsi və yaxud yenisi ilə əvəz edilməməsi indi paytaxtımızın hər bir sakinini narahat edir.
Özümüz də müşahidə etmişik ki, dayanacaqların çoxunda hələ də toz basan və yığışdırılmayan nasaz monitorlar qalır.
Maraqlıdır, Bakı Nəqliyyat Agentliyinin (BNA) monitorlara cavabdehlik daşımadıqları işini Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) həyata keçirəcəkmi?
İstifadəyə yararsız və işə yaramayan monitorlar nə vaxt dayanacaqlardan yığışdırılacaq?
AYNA-nın mətbuat katibi Tural Orucov Bizim.Media-nın sorğusunu belə cavablandırıb:
“Avtobus dayanacaq məntəqələrindəki informasiya terminalları 2011-ci ildə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) bir kompanenti olaraq quraşdırılıb. 2016-cı ildən etibarən Bakı Nəqliyyat Agentliyi fəaliyyətə başladığı dövrdə artıq həmin avadanlıqlar texniki cəhətdən köhnəlmişdi. Həmin avadanlıqlar quraşdırıldıqdan qısa vaxt sonra funksional deyildi və təyinatına uyğun fəaliyyət göstərmirdi. Agentlik avadanlıqları məhz bu formada texniki cəhətdən köhnəlmiş vəziyyətdə təvil alıb.
NİİM funksionallığının təmin olunması ilə bağlı müxtəlif tədbirlər, nəqliyyat sisteminə dair rəqəmsal həllər hazırlanaraq həyata keçirilib.
Lakin avtobus informasiya terminallarının işini bərpa etmək mümkün olmayıb. Bunun da əsas səbəbi həmin avadanlıqların texniki baxımdan köhnəlməsi və müasir innovasiyalarla ayaqlaşa bilməməsidir. Onların dayanacaqlardan götürülməsi işi mərhələli formada icra edilir. Çünki müəyyən texniki addımların atılması zəruridir”, - deyə AYNA rəsmisi əlavə edib.