Yaxın zamanlarda Azərbaycan işğaldan azad etdiyi torpaqlarda ilk məskunlaşma prosesinə start verəcək.
Zəngilan rayonunun Ağalı kəndində inşa edilən ilk ‘’Ağıllı kənd’’ə əhalinin köçürülməsi üçün hər şey hazırdır.
Bu barədə hakimiyyətdəki mötəbər mənbələrdən məlumat alınıb. Məlumatda bildirilir ki, 110 hektardan çox ərazini əhatə edən ‘’Ağıllı kənd’’ ilk sakinlərini qəbul üçün hazırlanıb. Ən qısa zamanda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə ‘’Yurda qayıdış’’ prosesinə start veriləcək.
Zəngilan rayonunun II Ağalı kəndi ərazisində inşa edilən ‘’Ağıllı kənd’’də 200 fərdi ev, ikimərtəbəli 4 qeyri-yaşayış binası, 360 şagird üçün nəzərədə tutulan məktəb və 60 yerlik uşaq bağçasının tikintisi demək olar ki, başa çatıb. Kənddə içməli su təminatı həll edilib, park meydanı inşa olunub, burada fəvvarələr, piyada və velosiped yolları qurulub.
“Ağıllı kənd”də kənd təsərrüfatı fəaliyyətinin bərpası və inkişafı üçün müvafiq şəraitin yaradılması məqsədilə layihə çərçivəsində ictimai fermanın qurulması da nəzərdə tutulur.
Bir sözlə, Qarabağa qayıdan hər bir soydaşımız üçün orada daimi yaşamaq üçün bütün şərait yaradılır.