“13 yaşında qız 43 yaşında tanımadığı kişi ilə qaçır”

 “13 yaşında qız 43 yaşında tanımadığı kişi ilə qaçır”

Psixoloq Gülnar Orucova aktrisa Pərvin Abıyevanın heç vaxt evlənməyəcəyini deməsinin qarşılığında “bir qadın milyonların qarşısında dönə-dönə evlənməyəcəyini və subay qalacağını bəyan edirsə, bu onun yüngül həyat tərzinə marağını göstərir” fikirlərini səsləndirdiyi üçün tənqid olunmasına münasibət bildirib.

Asayis.Az xəbər verir ki, G.Orucova açıqlamasında belə deyib: “Kimlərsə məndə nəsə səhv axtara bilər. Amma bir gerçək var: standartlar dəyişib. Gözəlliklə bərabər ailə institutunun da standartları dəyişib. Bir insan tək başına necə ailə ola bilir? Ana və ata əbədi deyil. Bəs bir insan niyə ömrünün sonuna qədər tənhalığı seçsin? Xalq artisti Səfurə İbrahimova öldüyü günə qədər dedi ki, kaş mənim ailəm, uşağım olardı. Elə hey şikayətləndi ki, kaş tənha olmazdım. Hər kəs fikir söyləyəndə dönsün milli mental dəyərlərinə, dini dəyərlərinə baxsın, Allahını tanısın, sonra fikirlərini yazsın. Din də, milli mental dəyərlər də eyni şeyi təsdiq edir. Bir qadının ən böyük missiyası ana olmaqdır. Hansısa qadın bu gün ana olmaq, ailə qurmaq istəmirsə, bu, onun şəxsi işidir, qarışa bilmərik. Eyni zamanda heç bir tərəfdən ona haqq da qazandıra bilmərik. Niyə? Çünki bu gün heç kim övlad dünyaya gətirmək, ailə qurmaq istəməsə, onda bir an düşünün ki, gələcək necə olacaq? Sadə insan haqqında fikir söyləsən, maraqsız olur, amma bloger, müğənni, aktrisa, intim münasibət, xəyanət haqqında fikir söyləyəndə cəmiyyət tez reaksiya verir. Bəzi məsələlər var ki, biz onları aktuallaşdırırıq, cəmiyyətə maraqsız gəlir. Həqiqətən də oxucu kütləsi dəyişib. Əvvəlki oxucu kütləmiz yoxdur. Lazımsız yerlərə maraq göstərirlər. Fikirlərimdə qalıram: bir qadının ən böyük missiyası ana olmaq, ailə qurmaq, cəmiyyətinə sağlam vətəndaş, əsgər verməkdir. Hələ də müharibə şəraiti davam edir. Hamımız elə tək-tənha yaşasaq, mənə maraqlıdır, bəs bizi kim qoruyacaq? Get-gedə görəcəyik ki, artıq biz də digər ölkələr kimi ancaq özümüz üçün yaşayırıq, dinimizi də, dəyərlərimizi də unutmuşuq”.

Psixoloq bildirib ki, ərə getmənin yaşı Konstitutsiya ilə də, anatomik baxımdan da müəyyən olunub: “Qadın 22-24 yaşından sonra ailə qura, uşaq dünyaya gətirə bilər. Mənə görə, bir qadın öz ayaqlarının üzərində dayananda, övladını, ailəsini özü maddi baxımdan təmin edə biləcək durumda olanda evlənməlidir. Qadın hər yaşda evlənə bilməz. Bu gün cəmiyyətdə baş verənləri görürük. 13 yaşında qız 43 yaşında tanımadığı kişi ilə qaçır. Bəzən gənclər onlara verilmiş sərbəstlikdən həddindən artıq sui-istifadə edirlər. Sərbəstlik özbaşınalıq demək deyil. Bunları qarışdırmayaq. Hər ikisi ayrı-ayrı şeylərdir. Ailə tərəfindən qız uşağına hər yaşda diqqət, qayğı ayrılmalıdır ki, sonra o sevgini, diqqəti başqa yerlərdə axtarmasın. Model Razi Əliyeva Ziya Hüseynzadə tərəfindən döyüldü, incidildi. Hamı Raziyə haqq qazandırdı. Amma bir kəs durub Raziyə demədi ki, “sən niyə evli kişi ilə münasibət qurdun ki, o da səni bu hala gətirdi?” Yəni insanların maraq dairələri və yaşam tərzləri, arzu-istəkləri onları elə adamlarla elə münasibətlər yaşamağa məcbur edir ki, sonda faciə ilə üzləşirlər. Əvvəldən düşünmək lazımdır ki, mən evli kişi ilə niyə münasibət qururam, sonra evli kişi məni döyə, təhqir edə, üstəlik əvəzində maşın ala... Həmişə döyülən adamın tərəfində dururuq. Amma hansı hərəkəti buna yol açıb, araşdırmırıq. Döyülən adam ağlayır, bizim də xalq olaraq axı mərhəmətimiz böyükdür. Avropanı tərifləyirik, amma bu gün Avropada, məsələn, Almaniyada yıxılan insana ta həkim gələnə qədər kömək etmirlər. Bizdə isə kimsə yıxılanda on nəfər başına toplaşır. Mərhəmətin ən çox olduğu ölkələrdən biriyik, buna görə birtərəfli sorğulayırıq. “Nə etdin ki, qarşılığında belə davranış gördün?” sualını vermirik. Haqq qazandırırıq, hətta ad da qoyuruq ki, “tanımırmış, bilmirmiş”. Necə olur, bir insan iki-üç il münasibət qurur, onun evli olduğunu bilmir?”

G.Orucova açıqlamasına görə onun ünvanına gələn tənqidlərdən də danışıb: “Canlı açırlar, onlara canlıda nə təhqirlər yazırlar. Canlıda yazılan təhqirlərin birinə cavab vermək cəsarətləri olmayan insanlardır. Elə adamlar rəylərdə elə şeylər yazırlar ki, hər kəs öz içindəki aqressiyanı rəylərə tökür. Amma düşünmürlər ki, mənim yazdığım rəy öz beynimin məhsuludur, göstəricisidir. Xoş rəy yazsan, bu, sənin həyata baxış tərzini bildirir, pis rəy isə içindəki kini, nifrəti... Xüsusilə “Tik Tok"da canlılar açırlar, girib baxanda insanların bəzilərinə yazdıqları söyüşlərdən şoka düşürəm. “Filankəs, onu bloka at” - əvəzində deyilən söz bu olur. Milli mental, dini dəyərlərə əsaslanaraq deyilən fikirə görə hücuma keçməyə ehtiyac yoxdur. Mən Azərbaycanda yaşayıram. Avropada yaşamıram ki, Avropanın psixoloji tərəflərindən danışam, yaxud Avropadakı insanlar kimi düşünəm. Azərbaycandakı insanlar kimi düşünürəm, Azərbaycanın dini, mental dəyərlərini qoruyuram. Əgər bu, stereotipləri aşa bilməməkdirsə, qoy aşa bilməyək. Çünki bəzən insan nəyəsə kompleks duymalıdır ki, onu ayıb bilə, etməyə. Bu gün bəzi modellər soyunurlar, lüt dənizə girirlər. Bu nədir? Buna hansı adı verək? Bir ad deyin, onu verək. Niyə bunu edirsiniz? Məqsəd nədir? Bunu etməyi dəb halına gətirmək istəyirsiniz? Nəyi təbliğ etmək istəyirsiniz? Elə şeylər olur, onu həqiqətən qınağa çəkmək lazımdır ki, etməsinlər. Qınağa çəkməyəndə insanlar nə bilirlərsə, danışırlar, nəticədə bu fikirlər digər insanların da fikirlərinə təsir edir”.

Pravda.az

17:13 - 27 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin