Küçələrdə sürət həddi endirilir - Tıxaclara necə təsir edəcək?

 Küçələrdə sürət həddi endirilir - Tıxaclara necə təsir edəcək?

Bakı şəhərində daha bir küçədə sürət həddi endirilir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin yaydığı məlumata görə, 25 iyul tarixindən paytaxtın Yusif Vəzir Çəmənzəminli küçəsində sürət həddi 60 km/saatdan 50 km/saata endirilir.

“Sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etmələrini xahiş edirik”, - deyə bildirilir.

Bundan əvvəl də şəhərin bir sıra prospektlərində və küçələrində sürət həddi endirilib və proses davam edir. Hətta birtərəfli və dörd zolaqlı magistral yollarda belə sürət həddi 60-a endirilib. Həmin yollarda (məsələn, "Azneft" dairəsi - "Bibiheybət" məscidi) yeraltı keçidlər də var və piyadaların yolu keçməsi problem deyil. Təcrübə göstərir ki, sürücülərin 75-90 faizi sürət həddinə riayət etmir, radar olmayan yerlərdə yüksək sürətlə şütüyüb gedirlər. Bu zaman sürət həddinə riayət edənlər bərk sürənlərə və özlərinə təhlükə yaradırlar...

Digər tərəfdən isə bir çox ekspertlər o qənaətdədir ki, meqapolisdə aşağı sürətlə hərəkət tıxacların azalmasına səbəb olur. Buna misal olaraq Avropa ölkələrinin küçələrində sürət həddinin 40-50 civarında müəyyən edilməsinin təsadüfi olmadığı qeyd edilir.

Məsələ belə izah edilir ki, məsələn, sürətli yolla - tutaq ki, Ələt-Bakı, Sumqayıt-Bakı yolu ilə gələn sürücülər şəhərə daxil olarkən və ya çıxarkən böyük sürətlə hərəkət etdikdə intensivliyi artırır və daralan yolda tıxaclara səbəb olurlar. Aşağı sürətdə isə axın daha nizamlı olur.

Nəqliyyat eksperti Aslan Əsədov “Yeni Müsavat”a bildirdi ki, yüksək sürət olan yol təhlükəsiz yol demək deyil. O qeyd etdi ki, hər hansı yolda qəza olduqda yol saatlarla bağlı qalır: “Sürətin endirilməsinə müsbət yanaşıram. Nəticə etibarilə sürət aşağı olan yolda qəza baş verdikdə ölüm demək olar ki, qeydə alınmır. Yüksək sürət həddi olan yollarda yol-nəqliyyat hadisəsi baş verdikdə xəsarət alanların təxminən 60 faizi ömürlük şikəstlik qazanır. Bəzən vətəndaşlar düşünürlər ki, şəhərdə sürət həddi 100 km/saat olmalıdır. Dünyada qəbul edilmiş standarta əsasən, əksər ölkələrdə, o cümlədən Azərbaycanda yaşayış məntəqələrində sürət həddi 60 km/saatdır. Xarici ölkələrdə xüsusilə yol hərəkəti təhlükəsizliyi ilə əlaqədar qaydalara riayət etməyən şəxslər qanunvericilik çərçivəsində cəza almaqla yanaşı, həmçinin ictimai qınağa məruz qalırlar. Təəssüf ki, Azərbaycanda bir ərazidə dəfələrlə yol-nəqliyyat hadisəsi baş verdikdə yol nişanlarına diqqət etməyə başlayırlar”.

Ekspert qeyd etdi ki, tıxacların baş verməsinin bir neçə səbəbi var: “Şəxsən özüm araşdırma aparmışam, tıxacları yaradan 36 səbəb var, bunlardan 12-si aktiv səbəbdir: sürət həddinin düzgün tənzimlənməməsi, ictimai nəqliyyatın əlçatan olmaması, yeni yolların çəkilməsi, təcrübəsiz sürücülərin çoxluğu və s. Elə sürücülər var ki, bəzi nişanların mənasını bilmir”.

10:23 - 27 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin