“Bakı Avropa Liseyinin ibtidai sinfə qəbul imtahanına saldığı suala etiraz haqlıdır. Uşaqlara bu cür suallar vermək doğru deyil”.
Asayis.Az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, təhsil eksperti Etibar Əliyev deyib.
O, jurnalist Vüsal Məmmədovun məlum paylaşımı ilə bağlı sosial şəbəkələrdə BAL-a qarşı yaranan etirazlara münasibət bildirib.
“Ümumiyyətlə, pedaqogika sahəsində ən yaxşı kitablardan birini yazmış dahi Emmanuel Kantın belə bir nəzəriyyəsi var ki, uşaqlara yaşlarına uyğun olaraq biliklər verilməlidir. Bu, Qərbdə çox vüsət alıb. Digər valideynlərin də paylaşdığı suallara baxdım. Doğrudan da biabırçılıqdır.
Bütün dünyada orta məktəbin birinci sinfinə qəbul proses ilə rastlaşmamışam. Sadəcə dünya səviyyəli PIRLS proqramı var ki, bu da ibtidai təhsil pilləsində təhsil alan uşaqların oxuma bacarıqlarının tərəqqisi və mətni anlama qabiliyyətlərini ölçə bilən bir proqramdır. Təəssüflər olsun ki, Azərbaycan 2023-cü ilin nəticələrinə görə PIRLS-də aşağı pillədə dayanan ölkələrdən biridir. Bunu o məntiqlə əlaqələndirmək olar ki, məhz uşaqlara bu cür suallar verib, onları çaşdırmaq və azdırmaq tendensiyasının nəticəsində uşaqlarımız ibtidai təhsil pilləsində aşağı qiymətlər alırlar”, – müsahibimiz qeyd edib.
Onun fikrincə, əslində, bu suallar psixoloq və pedaqoqlar tərəfindən ekspertiza olunmalıdır:
“Təəssüflər olsun ki həmin o Bakı Avropa Liseyinin rəhbərliyi və müəllimləri uşaqlara ağıllarına gələni sualı verirlər. “İnsanlar işıq saçsaydılar, nə olardı?” sualına gələk. Burada enerji məsələsi, insan təbiəti və s. və i.a. var. Lakin həmin imtahanı keçirən məktəbin rəhbərləri uşaqları həmin liseyə qəbul olmaq istəyən valideynlərlə söhbətlər aparmalıdır. Onların uşaqlar və özləri üçün kitabxanada neçə kitab var? Məsələn, uşağa sual verirlər ki, hansı kitabı oxumusan? Valideyn hansı kitabı oxuyub? Nəyi başa düşmüsən? Kitabxanaya getmisənmi və s. Qısası, uşaqlarla belə düşündürücü suallar verilməlidir, absurd suallardan qaçmalıdırlar. Axı bunların əksəriyyəti uşaq psixologiyasını bilmir?”
Deputat aydınlaşdırıb ki, uşaq psixoloqları bu kimi sualları analiz etmirlər:
“Nəticədə də bu cür məsələlər yaranır. Mən yaxın vaxtlarda həmin liseydə olmuşdu və onlardan kitabxananın göstərilməsini xahiş etdim. Gördüm ki, bu rəhbərlik uşaqlar üçün kitabxana qurmaqda meylli deyil. Orada bir dənə də olsun idrak, yaxud elmin populyarlaşdırılması baxımından orada əsas kitablara rast gəlmədim. Bütün hamısı bədii ədəbiyyat idi. Əslində, liseydə adını çəkdiyimiz bütün fənlər tədris olunur”.
“Böyük psixoloqlardan biri deyir ki, uşağa “get, mənə çörək gətir” deməkdənsə, uşağa demək lazımdır ki, “çörəyin şəklini çək”. Yəni onlar əyani təsəvvürlər anlayışlardan önə çəkilir. Biz isə anlayışları önə çəkirik, əyani təsavürləri isə gizlədirik. Nəticə də bu cür hallarla qarşılaşırıq.
Bu cür düşünülməmiş suallarla uşaqları azdırmaq, həvəsdən salmaq olmaz. Uşağa çox maraqlı, həyati suallar tərtib olunmalı, əyani təsəvvürü əks etdirən sual kitabçaları çap olunmalıdır ki, uşaqların həm idrakı genişlənsin, həm də bunun ətrafında danışa bilsin. Kantın təbirincə desək, öz yaşlarına uyğun qazandıqları biliklərin çərçivəsində bunu izah edə bilsinlər. Mən təəccüb etmərəm ki, sabah ibtidai sinfin qəbul imtahanına Nyutondan sual salsınlar. Axı bizdə hər bir məktəbin özünəməxsus qayda-qanunları var?! Bu, uşaq hüquqlarıdır!
Müəllimlər ailələri öyrənməlidirlər ki, onlar uşaqlarına nə öyrədir? Ona görə də Bakı Avropa Liseyi bu sualı suallar məcmusundan çıxarmalıydı. Görün, o lisey neçənci yerdə durur? Elə kənd məktəbləri var ki, o liseydən yuxarıdadır”, – fikirlərini tamamlayıb.