Bakının Səbail rayonu ərazisində yolun asfaltlanması zamanı park edilən avtomobilin olduğu hissə təmirdən kənar qalıb.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli açıqlama verib.
O bildirib ki, yola asfalt vurularkən həmin avtomobilin sahibi tapılmadığına görə, belə vəziyyət yaranıb: “AAYDA əməkdaşlarının sahibi olmadan hər hansı maşına toxunmağa, əl dəyməyə və onun yerini dəyişməyə ixtiyarı yoxdur. Asfalt da elədir ki, o gətiriləndə temperatur soyumamış döşənməlidir. Ona görə də belə hal yaranıb, gözlənilmədən döşənmə işləri həyata keçirilib. Artıq bu gün o məsələ aradan qaldırılacaq, problem öz həllini tapacaq” - deyə A. Nəcəfli bildirib.
Qeyd edək ki, şəkil Səbail rayonu ərazisində, Bayıl qəsəbəsindən 20-ci sahəyə gedən yolda çəkilib.