Ukraynada Kadırov (Çeçenistan rəhbəri Ramzan Kadırov) qrupunun komandiri, Rusiyanın Qroznı şəhərindən olan “Stinger” ləqəbli Ruslan Əzizov öldürülüb.
Bu barədə müxalif çeçen bloger Xasan Xalitov sosial şəbəkə hesabında paylaşımlar edib.
Xalitov, Əzizovun öldürülməsi barədə qohumuna məlumat verən Kadırovçulardan birinin telefon danışığının dinlənilməsini dərc edib.
Əzizovun məhv edilməsi ilə bağlı məlumatı Odessa hərbi administrasiyasının spikeri Sergey Bratçuk da təsdiqləyib.
“O, Ukraynaya gəldi və necə məhv edildiyini videoya çəkməyə vaxt tapmadı və indi yalnız bir fotoşəkil qalıb. Kadırovçular isə “Stinger” ləqəbli komandirləri Ruslan Əzizovun ölümünü artıq təsdiqləyiblər”, - Sergey Bratçuk sosial şəbəkə hesabında yazıb.
“Stinger”in harada öldürüldüyü hələlik bildirilmir.