Ziyəddin Kassanov Qazaxıstandakı vəziyyətlə bağlı bəyanat verdi

 Ziyəddin Kassanov Qazaxıstandakı vəziyyətlə bağlı bəyanat verdi

Dünya Ahıska Türkləri Birliyi (DATÜB) son günlər Qazaxıstanda baş verən hadisələrlə bağlı bəyanat yayıb.
DATÜB-ün əsasən Qazaxıstanda yaşayan Axısxa Türklərinə ünvanlanan bəyanatda deyilir:

“2022-ci il yanvarın 2-də Qazaxstanın Manqistav vilayətində maye qazın qiymətinin artması nəticəsində başlayan etirazlar bütün ölkəyə sürətlə yayıldı. Qazaxıstanın ən böyük şəhəri Almatıda başlayan nümayişlər isə ölkə daxilində hökumət əleyhinə etirazlara çevrildi.

5 yanvar 2022-ci il tarixində bütün Qazaxıstanda fövqəladə vəziyyət elan edildi və Qazaxıstan təhlükəsizlik qüvvələrinin nümayişçilərə qarşı müdaxilə edəcəyi bildirildi.

Hökumətin istefasına baxmayaraq ölkədə etirazlar davam edərkən, prezident Kasım-Jomart Tokayevin yardım istəyindən sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkəyə əsgər göndərmək qərarına gəldi.

Türk Dünyasının ürəyi olan Qazaxıstan biz Axısxa Türkləri üçün çox əhəmiyyətli bir ölkədir. Qazaxıstanda 200 minə yaxın Axısxa Türkü yaşayır. Dünyanın 9 ölkəsində icma halında yaşayan Axısxa Türklərini təmsil edən bir qurum olaraq, biz qardaş Qazaxıstan xalqının sağlam düşüncəsinə və normal həyata qayıtmaq istəyinə arxalanırıq.

Biz inanırıq ki, Qazaxıstan hakimiyyəti sülh yolu ilə gərginliyi azaltmaq, asayişi və sakitliyi bərpa etmək gücünə malikdir. DATÜB-ün səlahiyyətli orqanları, eləcə də sədrimiz cənab Ziyddin Kassanov tərəfindən məsələ yaxından izlənir. Hadisələrin gedişatını Ziyəddin Kassanovdan əldə edərək, sizlərlə paylaşacağıq. Allah Qazaxıstan xalqını və dövlətini qorusun!

Axısxa Türklərindən və Qazaxıstanda yaşayan bütün bacı-qardaşlarımızdan xahiş edirik ki, insanların sıx olduğu yerlərdən uzaq dursunlar, lazım olmadıqca evdən çıxmasınlar. 

Hadisələrdə həyatını itirənlərə başsağlığı verir və yaralananlara şəfa diləyirik”.

P.S. Qurumun Baş Qərargahı tərəfindən yayılan bəyanatda Qazaxıstanda yaşayan Axısxa Türklərinin o da diqqətinə çatdırılır ki, fövqəladə hallarda DATÜB-ə müraciət edə bilərlər.  

00:59 - 9 Yanvar 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin