Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Asayis.Az-a verilən məlumata görə, Şəki şəhər sakini Elmir Hacıyev ön dövlət nömrə nişanı olmadan idarə etdiyi “VAZ-2107” markalı avtomobil ilə intizamsızlıq edərək yol-hərəkəti qaydalarını kobud şəkildə pozub və onun avtoxuliqanlıq hərəkətləri vətəndaşların da haqlı narazılığına səbəb olub.
Həmin şəxs yol polisi əməkdaşları tərəfindən saxlanılıb və avtonəqliyyat vasitəsi özünün də iştirakı ilə müvəqqəti duracağa yerləşdirilib. Elmir Hacıyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə onun sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılmaqla barəsində 500 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.
Qeyd edilib ki, Elmir Hacıyev son 1 il ərzində ayrı-ayrı vaxtlarda yol hərəkəti qaydalarını ümumilikdə 6 dəfə müxtəlif üsullarla pozduğu üçün inzibati məsuliyyətə cəlb edilib.