Həbsdə olan jurnalist Mahir Ələkbərovun (Xəttab) anası Nazilə Ələkbərova Prezident İlham Əliyevə və Birinci vitse prezident Mehriban xanım Əliyevaya müraciət edib.
Nazilə Ələkbərova müraciətin bir nüsxəsini də Asayis.Az-ın redaksiyasına göndərib.
Müraciətdə qeyd edib ki, oğlu Mahir Xəttab ona təyin olunan 3 il müddətinə cəzanın 1/2 hissəsindən çoxunu çəkməsinə baxmayaraq cəzaçəkmə müəsisəsindən vaxtından əvvəl şərti azadlığa buraxılmır:
“Onun azadlığa çıxmasına süni maneələr yaradılır. Ümumiyyətlə oğlumun həbsi, ondan sonrakı hadisələr, məhkəmə prosesləri tamamilə qərəzli, qeyri- qanuni keçib. Sanki kimlərsə məqsədli şəkildə bizi, xüsusi ilə də oğlum Mahiri dövlətə, mövcud siyasi hakimiyyətə qarşı çıxarmağa çalışır. Görünən odur ki, bu hələ də davam edir.
Şükürlər olsun ki, nə mən, nə də oğlum buna getməyib. Bu günə qədər dövlətə, cənab Prezidentə sədaqətimizi qoruyub saxlamışıq.
Çünki dövlətə sədaqət bizim üçün hər şeydən, hətta oğlumun azadlığından da daha vacibdir. Həmçinin bizim 30 illik həsrətimizə son qoyub, doğma Qarabağımızı düşmən işğalından azad edən bir Ali Baş komandana itaətsizlik etmək, məhz elə dövlətə, millətə xəyanətdir. Mahir özü də veteran ailəsində doğulub. Mahirin babası Səməd Ələkbərov 2-ci dünya müharibəsi veteranı, atası Məmmədhəsən Ələkbərov 1-ci Qarabağ müharibəsi iştirakçısı, həmçinin Əfqanıstan veteranı olub ( Hər ikisi dünyasını dəyişib).
Bizim dövlətimizə, cənab Ali Baş Komandanımıza narazı salmağa çalışanlar bilsin ki, mövqeyimizi heç vaxt dəyişə bilməzlər. Çünki, biz dövlət və dövlətçiliyin nə demək olduğunu yaxşı bilirik. Bir vətəndaş olaraq dövlətimizin yanında olub, Ali Baş komandanımızı daim dəstəkləyəcəyik.
Bir daha Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz, Mehriban xanım Əliyevaya müraciət edirəm. Xahiş edirəm ki, oğlumun vaxtından əvvəl şərti azadlığa çıxmasına köməklik göstərilsin”.
Qeyd edək ki, Mahir Xəttab Nəsimi rayon Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. Amma Ali Məhkəmənin qərarı ilə onun cəzasından 6 ay çıxılıb.