Bakıda marketdə qanlı cinayət törədən şəxs ölkədən qaçdı

 Bakıda marketdə qanlı cinayət törədən şəxs ölkədən qaçdı

Bakının Nəsimi rayonunda 1987-ci il təvəllüdlü Bəhruz Rövşənə bıçaqla xəsarət yetirib. 
Asayis.Az-ın məlumatına görə, hadisə 27 may 2018-ci ildə “Xəzər market”də baş verib. 

Orada satıcı işləyən Mehmanla sözlü mübahisə edən zaman mağazada olan Rövşənin mübahisəyə müdaxilə etməsini bəhanə gətirib. Ona bıçaqla xəsarət yetirib. 

Hadisəni törədən Bəhruzun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhruz ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. 

O bildirib ki, 26 may 2018-ci ildə, axşam saatlarında bir şüşə pivə içərək “Xəzər market”in arxa tərəfində olan stadionun yanındakı zibilxanada heyvan dərilərini kəsərək artıqlarını tullayıb, qalan saf hissələrini isə kənara toplayıb: 

“Ceyhun adlı şəxslə günəmuzd işləyib gündəlik 20 manat pul qazanmışıq. 27 may 2018-ci ildə saat 00.10-da siqaret almaq üçün “Xəzər market”ə gəldim. Mağazaya daxil olduqdan sonra satıcıya müraciət etdim. Amma hazırda xatırlamadığım səbəbdən satıcı ilə aramızda mübahisə yarand. Həmin vaxt adını sonradan bildiyim Rövşən mənim satıcı ilə mübahisəmə müdaxilə etdi, ünvanıma xoşagəlməz sözlər işlətdi. İçkili olduğum üçün həmin sözlər mənə pis təsir etdiyindən əsəbləşdim. 

Məndən boy və görünüşcə böyük olan Rövşəni qorxutmaq üçün üzərimdə olan mətbəx bıçağını çıxararaq ona tərəf uzatdım. Həmin vaxt Rövşən üzərimə gəldikdə qəfildən əlimdəki bıçağın sinəsinin sol tərəfinə dəydiyini başa düşdüm. Orada olan şəxslər bizi aralaşdırdıqdan sonra  marketin qapısında dayanaraq Rövşənə baxdım. Sonuncu marketin içərisində normal hərəkət etdiyi üçün ona bir şey olmadığını zənn etdim. Həmin marketin yaxınlığında olan gül dükanının yanında bir müddət əyləşərək siqaret çəkdikdən sonra yenidən işlədiyim zibilxanada dəri kəsməyə getdim. Orada təxminən 30-40 dəqiqə işlədikdən sonra “Papanin” adlanan ərazidə olan yaşadığım gündəlik evlərə getdim”. 

Bəhruz deyib ki, mayın 25-də Gürcüstanda işləmək üçün getməyə bilet aldığından mayın 28-də həmin ölkəyə  gedib: 

“Bir ay Gürcüstanda qaldıqdan sonra Türkiyəyə gedərək orada işlədim. Tükiyədə olarkən türk nömrəmə polis əməkdaşları zəng etdi və 27 may 2018-ci ildə Rövşəni bıçaqladığımı bildirdilər. Mən də Rövşəni bıçaqladığımı etiraf etdim. Məni Bakıya çağırdıqda isə, hazırda gələ bilməyəcəyimi dedim, 3-4 ay vaxt istədim. İşləməyə başım qarışdığı üçün Bakıya gələ bilmədim, Türkiyədə yaşayaraq orada ailə həyatı qurdum”.

Bəhruzun dediyinə görə, 15 yanvar 2023-cü ildə sənədlərini düzəltmək üçün Azərbaycana qayıdıb və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, polisə təhvil verilib: 

“Mənim yetirdiyim bıçaq zərbəsindən Rövşənin ağır xəsarət aldığını 2023-cü il tarixdə Azərbaycana qayıdarkən öyrəndim. Hadisə zamanı Rövşənin belə ağır xəsarət alacağını düşünməmişdim. Rövşənə xəsarət yetirdiyim bıçağı xatırlamadığım ünvana tullamışam”. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhruz 7 il müddətinə azadlıqdan məhrum edilib. 


Demokrat.az

14:26 - 24 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin