Ombudsman Səbinə Əliyevanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Söyüdlüdə baş verən hadisələrlə əlaqədar həbs edilmiş şəxslərlə görüş keçirilib.
Asayis.Az xəbər verir ki, görüş Gədəbəy Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerinə keçirilən başçəkmə çərçivəsində reallaşıb.
Bildirilib ki, başçəkmədə məqsəd müəssisədə saxlanma şəraiti və rəftar məsələlərinin, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin araşdırılmasından ibarət olub:
“Başçəkmə zamanı MSY-də saxlanılan şəxslər, o cümlədən rayonun Söyüdlü kəndində baş vermiş hadisə zamanı saxlanılmış və inzibati qaydada həbs edilmiş 5 nəfər şəxs də konfidensial qaydada qəbul edilb, hər birinin müraciətləri yerində dinlənilib. Qəbul edilmiş şəxslərin hər biri fərdi qaydada vizual müayinə olunub, onlarla rəftardan, qida təminatından, saxlanma şəraitindən şikayətləri olmadığını bildiriblər, məsələyə dərhal reaksiya verərək hüquqlarının təminini diqqətdə saxladığına görə Ombudsmana təşəkkür ediblər. Saxlanılan şəxslərə hüquqları izah edilib, barələrində olan məhkəmə qərarları ilə bağlı müraciətləri üzrə hər birinə hüquqi məsləhət verilib.
Başçəkmə çərçivəsində saxlanılan şəxslərlə bağlı sənədləşmə, saxlanma şəraiti - bütün kameraların vəziyyəti, şəxsi gigiyena və sanitariya şəraiti, tibbi xidmət, qida təminatı yerində araşdırılıb.
Başçəkmənin yekununda MSY rəhbərliyi ilə söhbətlər aparılıb, milli və beynəlxalq qanunvericiliyə əsaslanan müvafiq tövsiyələr verilib”.