Saatlıda kürəkən qayınatasının evinə basqın etdi - TƏFƏRRÜAT

 Saatlıda kürəkən qayınatasının evinə basqın etdi - TƏFƏRRÜAT

Saatlı rayonunda 1992-ci il təvəllüdlü Elvin şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı yeznəsi Elməddinə xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin martın 31-də Saatlı rayonu Şirinbəy kəndində baş verib. 

Elvin evində bacısının əri Elməddin ilə şəxsi münasibətlər zəminində mübahisə edib və dalaşaraq yumruqla burun nahiyəsinə zərbələr vurub.

Hadisəni törədən Elvinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elvin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. 

O bildirib ki, ailə üzvləri ilə birlikdə Saatlı rayonu Şirinbəy kəndində yaşayır: 

“Zərərçəkmiş bacım Lamiyənin əridir. Onların arasında münaqişə olub və boşanmaq qərarına gəliblər. Bacım 2022-ci ilin iyun ayında azyaşlı övladı ilə birlikdə bizə gəldi, bizimlə yaşamağa başladı”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, gecə təxminən saat 4-5 radələrində həyətdə və evdə səs eşidib: 

“Yataq otağından çıxanda gördüm ki, Elməddin gəlib. Elməddinə gecə vaxtı nə üçün gəldiyini sual etdim. Elməddin də uşağını görməyə və ailəsini aparmağa gəldiyini bildirdi. Bundan sonra Elməddin evə daxil oldu, səs-küy salmağa başladı. Atam Mirzə və anam Həlimə otaqdan çıxataq yanımıza gəldi. Həmin vaxtı Elməddin evdə bacım Lamiyənin qolundan tutaraq çölə cıxartmaq istədi. Atam Elməddinə Lamiyəni buraxmasını dedi. Elməddinin əlindən bacımı aldım. 

Daha sonra atam Elməddinə qışqıra-qışqıra danışmamağı, evdə uşaq yatdığını, onların qorxacaqlarını bildirdi. Həmin vaxt Elməddin yumruqla atamın sifət nahiyəsindən vurdu. Atam da yumruqla Elməddinin sifətindən vurdu. Sonra Elməddin yumruqla mənim sifət nahiyəmdən vurdu və biz yaxalaşdıq. Elməddini yerə yıxaraq yerdə süpürləşməyə başladıq. Yerdə Elməddinin üzərində oturdum, imkan vermədim ki, ayağa qalxa bilsin. Daha sonra Elməddinə sakit olmasını, onu buraxacağımı bildirdim. Onun üzərindən qalxdım. Elməddini vurmamışam. Barəmdə göstərilənlər şər və böhtandır”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Elməddinin sözlərinə görə, Saatlı rayonu Şirinbəy kənd sakini Lamiyyə ilə ailə həyatı qurub, birgə nikahlarından 1 azyaşlı övladları var: 

“Bir müddət əvvəl arvadım Lamiyə boşanmaq üçün müraciət etdi. Lakin Lamiyədən boşanmaq istəmədim. Lamiyə sözlərimə əhəmiyyət vermədi və azyaşlı uşağımı mənə göstərmədi”. 

Zərərçəkmiş qeyd edib ki, hadisə günü övladı üçün darıxdığından gecə təxminən saat 03 radələrində Saatlı rayonu Şirinbəy kəndində yaşayan qayınatası Mirzənin evinə gedib: 

“Həmin vaxtı həyətə daxil oldum. Arvadım Lamiyəni cağırdım. Qayınanam Həlimə və qaynım Elvin qapıya çıxdlar. Niyə gəlməyimi sual etdilər. Mən də onlara uşağım üçün darıxdığımı və uşağımı görməyə gəldiyimi bildirdim. Bundan sonra qayınatam Mirzə otaqdan çıxdı və məni nalayiq ifadələrlə təhqir edərək nə səbəbə evinə gəlməyimi sual etdi. Məndən getməyimi tələb etdi. Yumruqla sağ göz nahiyəmə vurdu. 

Mən də qayınatam Mirzənin sifət nahiyəsindən yumruqla vurdum. Həmin vaxtı qaynım Elvin yumruqla burun nahiyəmdən vurdu. Mən də yumruqla Elvinin sifət nahiyəsindən vurdum. Qayınanam Həlimə və arvadım Lamiyə üzərimə hücum edərək məni yerə yıxdılar. Bundan sonra qaynım Elvin üstümə cıxdı, əlləri ilə boğazımdan sıxmağa başladı. Daha sonra Elvin məni buraxdı. Bir qədər sonra həmin yerə Saatlı rayon polis şöbəsinin əməkdaşları gəldi. Mənə məlum oldu ki, arvadım Lamiyə məndən şikayət edib”. 

Bu cinayət işinə Saatlı rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Elvin 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub. 

 

17:49 - 22 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin