Qusar rayonunda 1972-ci il təvəllüdlü Faiq şəxsi münasibətlərin pozulması nəticəsində yaranan münaqişə zamanı qayınatası Məmmədzakirə xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, hadisə Qusar rayonunun Kirig kəndində baş verib.
Faiq həmin kənddə yerləşən özünə məxsus əkin sahəsində aralarında yaranmış mübahisə zamanı qayınatası Məmmədzakirə yumruq zərbələri vurub.
Hadisəni törədən Faiqin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Faiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, Qusar rayonu Kirig kəndində ailəsi ilə birlikdə yaşayır:
“Hadisə günü, təxminən saat 15 radələrində arvadım Aynurə ilə birlikdə əkin sahəsinə baxmağa getdik. Biz sahəyə gedəndə orada qayınatamın su arxın təmizlədiyi gördüm. Qayınatam ilə salamlaşmadan getdim, Öz sahəmə su buraxdığını, sərhədlərimizdə olan ağac dirəklərin çıxarılaraq mənim sahəmə atdığını gördüm. Bundan əsəbləşdim. Bunu qayınatamın etdiyini bildim. Onun yanına gedərək suyu niyə buraxdığını soruşdum. Qayınatam suyu buraxmadığını dedi. Aramızda mübahisə baş verdi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, mübahisə zamanı qayınatası Məhəmmədzakir onun üstünə gəlib:
“Əlləri ilə məni itələdi, yumruq zərbələri ilə sifətimə, başıma vurdu. Həmin vaxt mən də qayınatamın sifətindən yumruqla vurdum. Sonra biz hər ikimiz yerə yıxıldıq. Orada olan arvadım Aynurə bizi ayırdı. Daha sonra arvadım Aynurə ilə evimə getdim. Bir müddət sonra isə evimə polis əməkdaşları gəldi və məni polis şöbəsinə dəvət etdilər”.
Bu cinayət işinə Qusar rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Faiqin barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.