Bakıda oğlan gecəyarısı sevgilisinin atasını döydü - TƏFƏRRÜAT

 Bakıda oğlan gecəyarısı sevgilisinin atasını döydü - TƏFƏRRÜAT

Bakının Xəzər rayonunda 1990-cı il təvəllüdlü Telman şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı Əliyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 
Asayis.Az-ın məlumatına görə, hadisə ötən ilin noyabrın 19-da Xəzər rayonunun Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində baş verib. 

Telman şəxsi münasibətlərinin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən yumruq və təpik zərbələri ilə Əlinin bədəninin müxtəlif nahiyələrindən vurub. 

Hadisəni törədən Telmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Telman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. 

O bildirib ki, zərərçəkmiş Əlinin qızı Vüsalə ilə qeyri-rəsmi ailə münasibətində yaşayıb: 

“Lakin Əli həmişə buna qarşı çıxıb. Bu səbəbdən həmişə aramızda mübahisə baş verib. Əlinin dediklərinin hamsı yalan və böhtandır. Ona heç bir xəsarət yetirməmişəm. Onun əmlakını zor tətbiq edərək ələ keçirməmişəm. Həmin xəsarətlərin ona hansı şəraitdə yetirildiyini bilmirəm. Əlinin qızı Vüsalədən ayrılmağım üçün mənə bu cür böhan atıb”.

İş üzrə zərərçəkmiş Əlinin sözlərinə görə, təqsirləndirilən Telmanı çoxdan tanıyır: 

“Telman qızım Vüsalə ilə qeyri-rəsmi münasibətdə yaşayıb. Buna görə də aramızda mübahisələrimiz olub. Qızımın Telman ilə münasibət yaratmasına razı olmamışam. Münki Telman düzgün həyat tərzi keçirən insan olmayıb”. 

Zərərçəkmiş qeyd edib ki, noyabrın 19-da, saat 23 radələrində yaşadığı evdən çıxıb və velosipedlə küçədə siqaret almağa gedib: “Bu zaman qəfildən bir nəfər şəxs məni tutaraq yolun kənarında ağaclığa tərəf dartdı və yerə yıxdı. Yerə yıxılan zaman gördüm ki, məni qəsdən yıxan şəxs Telmandır. Telman məni yıxdıqdan sonra yumruq və təpik zərbələri ilə bədənimin müxtəlif nahiyələrinə zərbələr vuraraq xəsarət yetirdi. Daha sonra Telman barmağımda olan 860 manat dəyərindəki ağ qızıldan, üzərində 3 ədəd brilyant qaşları olan üzüyü dartaraq çıxartdı və sonra cibimdə olan ümumilikdə 140 manat pulu da çıxararaq oradan uzaqlaşdı. Həmçinin ağzıma vurduğu zərbələrin təsirindən ağzımda olan 2400 manat dəyərində protez dişini sındırdı. Mənə ümumilikdə 3000 manat məbləğində maddi ziyan vurdu”. 

Zərərçəkmiş şəxsin ifadəsinə görə, hadisə təxminən 10 dəqiqə davam edib: 

“Lakin hadisə gecə vaxtı baş verdiyindən hadisənin şahidləri olmayıb. Mən ayağa qalxdıqdan sonra ağzımda olan protez dişin də düşdüyünü gördüm. Dişlərimi axtarsam da, tapa bilmədim. Daha sonra Daxili İşlər Nazirliyinin “102” mərkəzi zəng xidmətinə zəng edərək hadisə barədə məlumat verdim. Sonra 1-ci polis şöbəsinə gedərək ərizə ilə müraciət etdim”.
 
Bu cinayət işinə Xəzər rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən məhkəmə Telmanın barəsində olan cinayət təqibinə xitam verib. 

O, cinayət məsuliyyətindən azad edilib. 


Demokrat.az

13:44 - 21 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin