Bakının Qaradağ rayonunda qızı ilə görüşmək istəyən kişi qohumuna xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, hadisə rayonun Müşviqabad qəsəbəsində baş verib.
Belə ki, Zaur keçmiş həyat yoldaşının qardaşının qaynı Samirə xəsarət yetirib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.
Zaurun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə iş açılıb.
İş üzrə izahat verən Zaur bildirib ki, zərərçəkmiş Samir onun keçmiş həyat yoldaşının qardaşının qaynıdır: “Mənimlə Samir arasında sadəcə mübahisə olub, lakin onu döyməmişəm hadisə baş verən ünvanda Samir və qızım Nəzrin ilə qarşılaşdım. Qızımdan hal-əhvalını soruşanda Samir bizim ünsiyyətimizə imkan vermədi. Qızıma mənimlə danışmamağı və mənim kafir olduğumu dedi”.
Zaur qeyd edib ki, həmin vaxt Samiri döyməyib, ona xəsarət yetirməyib.
Zərərçəkmiş Samirin sözlərinə görə, hadisə günü Nəzrinin blokda olduğunu, anasını gözlədiyini görüb: “Bu zaman Nəzrin “Samir dayı” deyib üstümə qaçan da, Zaur da Nəzrinin üstünə hücum etdi. Bu dəfə ona mane olmaq istəyəndə Zaur mənə 5-6 yumruq vuraraq yerə yıxdı. Daha sonra məni təpikləməyə başladı. Zaur əvvəllər də məni bıçaqla hədələyib. Onun barəsində cinayət işi başlanıb. Lakin sonradan aramızda barışıq olub”.
Qaradağ rayon Məhkəməsinin qərarı ilə Zaur 300 manat cərimə olunub.
Demokrat.az