Gəncə Ağır Cinayətlər Məhkəməsində arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Tural Mustafayevin cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.
Asayis.Az-ın məlumatına görə, hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs bildirib ki, ona elan edilmiş Cinayət Məcəlləsinin (CM) 120.2.4-cü maddəsi ilə ittiham üzrə özünü təqsirli bilməyərək, özünü CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilir.
O ifadəsində göstərib ki, zərərçəkmiş Təranə Mustafayeva ilə 6 il əvvəl evlənib. Evlilikdən bir qız, bir oğlan olmaqla 2 övladı olub. Təranəni Bakı şəhərində usta fəaliyyəti ilə məşğul olarkən Balaxanı qəsəbəsinə əmisi evinə qonaq gələndə görərək bəyənib və bir-birini seviblər. Təranə başqasına nişanlı olmasına baxmayaraq, onunla evlənməyə qərar verib və birlikdə qaçıblar. Qadını qaçırdıqdan sonra son 5 ili Bərdə rayonunun Muğanlı kəndində atası evində birlikdə yaşayıblar.
Tural Mustafayev deyib ki, Təranə ilə son dövrlərə qədər arasında heç bir problem olmayıb. Hadisədən 10 ay əvvəl işləmək üçün ailəsi ilə birlikdə Balaxanıya, sonra isə Sumqayıt şəhərinə gedib, bir müddət orada yaşadıqdan sonra yenidən Muğanlı kəndinə qayıdıblar. Daha sonra Tural tək işləmək üçün Türkiyəyə getməyə qərarına gəlib, lakin həmin ölkədə əvvəl tətbiq edilən cəriməni ödəmədiyi üçün sərhədi keçməyinə icazə verilməyib.
29 avqust 2021-ci il tarixdə Bakı şəhərində olarkən arvadı Təranə ona “Whatsap”da yazaraq tanımadığı bir kişinin evə daxil olub onu döydüyünü, çıxıb getdikdən sonra eyni həyətdə yaşayan anası və qardaşına məlumat verdiyini bildirib. Qısa müddət sonra isə Səhər adlı qayınanası Turala zəng edib yaşadığı evə bir nəfər kişinin girib arvadı Təranəni döydüyünü söyləyib. Növbəti gün səhər Muğanlıya qayıdıb. Təranənin bədənində və üz nahiyəsində şişkinlik və göyərtilər olub. Qadının onu aldatdığını hiss etsə də, Təranəyə onu aldatmamasını, hər şeyi baş verdiyi şəkildə düzgün danışmağı deyib. Bundan sonra Təranə atası evinə getməyi qərara alıb. Arvadının istifadə etdiyi mobil nömrəni telefonu ilə birgə əlindən alıb. Təranənin döyülməsi barədə Bərdə Rayon Polis Şöbəsinə şikayət ediblər.
Qadın 06 sentyabr 2021-ci tarixə kimi atası evində qalıb, həmin müddətdə arvadının kimlərlə münasibətdə olması, evinə kimin gəlib-getdiyini araşdırmağa başlayıb. Qafar (şərti) adlı Tərtər sakininin mobil nömrə ilə arvadı Təranə ilə danışdığını öyrənib. Həmçinin Təranənin “İnstagram” sosial şəbəkəsində digər şəxslərlə də danışdığını aşkar edib. 06 sentyabr 2021-ci il tarixdə arvadı anasının mobil telefonu ilə zəng edib Bərdə Rayon Polis Şöbəsinə verdiyi şikayət ərizəsi ilə maraqlanmaq adı ilə Təranəni öldürmək məqsədilə şöbəyə getməyi desə də, Təranə görüşməkdən imtina edib. Bundan sonra Təranənin qardaşı Xəyala zəng edib arvadı barədə görüşüb söhbət etmək istədiyini bildirib. Xəyalla Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən “Kolanı” adlanan kafenin yaxınlığında görüşüb. Xəyala bacısının əməlləri, Təranənin düzgün yolda olmadığını danışıb. Xəyal isə Təranənin qələt etdiyini, bir daha bacısının bu cür səhv etməyəcəyinə söz verib. Xəyal görüşə Təranəni də özü ilə gətirib. Xəyal Qafarı birgə döyməyi təklif etsə də, ona Bakıya gedəcəyini, həmin şəxsi tapmağa səbri çatmadığını, sadəcə Təranə ilə son dəfə danışıb özünün bu söz-söhbət barədə nə düşündüyünü bilmək istədiyini deyib. Xəyal razılaşsa da, Təranə əvvəlcə ona yaxınlaşmağa qorxub. Xəyal isə Təranəyə “qorxma, sənə heç kim heç nə edə bilməz. Gəl söhbət et” söyləyib.
Tural Təranə ilə Bərdə şəhəri, H.Əliyev parkının sol tərəfində, ensiz küçədə görüşüb. Xəyal ona təklikdə gəzə-gəzə söhbət etmək üçün şərait yaradıb, təxminən 10-15 metr geridə arxaları ilə gəlib. Parkın sol tərəfindəki birinci qapıdan daxil olduqdan sonra dekorativ şam ağacının yanına çatdıqda Təranəni öldürmək məqsədilə yaşadığı evin mətbəxindən götürüb şalvarın içərisində, qarın nahiyyəsində gizlətdiyi bıçağı çıxarıb sağ əli ilə qadına zərbələr endirməyə başlayıb.
Turalın sözlərinə görə, arvadına ölənə kimi sayını dəqiq bilmədiyi bıçaq zərbələri endirib. Təranənin qardaşı Xəyalın qaçaraq ona tərəf gəldiyini gördükdə isə əlindəki bıçağı otluğa atıb hadisə yerindən qaçıb, asfalt yolu digər tərəfə keçib DİN-nin “102” Çağrı Mərkəzinə zəng edib adam öldürdüyü barədə məlumat verib. Bir qədər sonra Bərdə Rayon Polis Şöbəsinin polis əməkdaşları gəlib onu polis şöbəsinə aparıblar.
Qeyd: 2021-ci il sentyabrın 6-ı saat 15 radələrində Bərdə rayonu Muğanlı kənd sakini 1997-ci il təvəllüdlü Təranə Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.
Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1988-ci il təvəllüdlü Tural Mustafayevin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Təranə Mustafayevaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Tural Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub
İttihama görə, Tural Mustafayev arvadını qısqanclıq zəminində qəsdən öldürüb. O, hadisə zamanı Təranəyə 29 bıçaq zərbəsi endirib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib.