“İcbari tibbi sığortanın tətbiqindən sonra özəl xəstəxanalara müraciətlərin sayı azalıb”
“İcbari tibbi sığortanın tətbiqindən sonra ölkədə özəl tibb müəssisələrə müraciətlərin sayı azalıb”.
Asayis.Az xəbər verir ki, bu fikri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunun açılış mərasimində çıxışı zamanı deyib.
Vüqar Qurbanov bildirib ki, Azərbaycan səhiyyəsi yeni mərhələyə qədəm qoyub: “Səhiyyə islahatlarının uğurla davam etdirilməsi birbaşa Prezident İlham Əliyevin adı ilə bağlıdır”.
Xarici ölkələrdə təhsil alan həkimlərin dövlət tibb müəssisələrinə işə qəbulunun daha bir il uzadıldığını xatırladan TƏBİB sədri vurğulayıb ki, bu qərar tibb sahəsində kadr çatışmazlığının aradan qaldırılmasında mühüm rol oynayacaq: “İcbari tibbi sığortanın tətbiqindən sonra ölkədə özəl tibb müəssisələrə müraciətlərin sayı azalıb. Bu hal ölkədə tibb sahəsindəki rəqabətliliyi artırmaq baxımından xüsusilə vacibdir. Beləliklə, rəqabətlilik nəticəsində özəl tibb mərkəzləri də öz tibbi avadanlıqlarını daha da mükəmməlləşdirməyə çalışırlar”.
“Bu gün dövlət tibb müəssisələrində elə əməliyyatlar həyata keçirilir ki, hətta bir sıra xarici ölkələrdə bu əməliyyatlar dövlət tibb müəssisələrində aparıla bilmir. Bizim ən böyük hədəflərimizdən biri Azərbaycan həkimini dünyaya tanıtmaq, həmçinin vətəndaşımızın tibbi xidmət almaq üçün xaricə üz tutmasına ehtiyacının olmaması üçün çalışmaqdır. Biz istəyirik ki, əksinə, insanlar xaricdən Azərbaycana tibbi xidmət almaq üçün gəlsinlər. Bununla həm də Azərbaycanda tibb turizminə də töhfə vermək mümkün olacaq”, - V.Qurbanov əlavə edib. (report)