"Sevincim, arzularım, hətta gülüşlərim belə onunla birlikdə torpağa gömüldü" - Zülfüqar Hüseynzadənin oğlu

Tanınmış jurnalist Zülfüqar Hüseynzadə dünən səhər saatlarında Kəlbəcərdə vəfat edib. Onun bu acı xəbəri Zülfüqar Hüseynzadənin ailəsini və dostlarını çox məyus etdi. Mətbuatda jurnalistin vaxtsız ölümü böyük kədərə səbəb oldu.

Moderator.az saytının baş redaktoru Zülfüqar Heseynzadənin oğlu Hüseyn Hüseynzadə atasını belə andı: “Bir gün bu mövzuda nəsə deyəcəyimi heç gözləmirdim. Sözlərə sığmayan, cümlələrin yetərsiz qaldığı bir acım var.

Onun mənə hər fürsətdə verdiyi nəsihətlər bu an belə qulağımda cingildəyir.

 

Yaşadığım acının heç bir zaman tərifi olmayacaq. Atam tək mənə ata deyildi, o, mənim ən yaxın dostum, ən yaxın sirdaşım, bir sözlə, hər şeyim idi.

 

Hər imkan olduqda parkda gəzməyə çıxardıq. Onunla qurduğumuz o xoş arzular, o xoş istəklər onunla birlikdə torpağa qarışdı.

 

Atam sadəcə bu dünyadan özünü aparmadı, sevincim, arzularım, hətta gülüşlərim belə onunla birlikdə torpağa gömüldü.

 

Düzdür, mən atamı sözlərlə ifadə edilə bilməyəcək şəkildə çox sevirdim. Hər oğul atasını sevər, ancaq mən hər zaman onu fərqli hislərlə, fərqli duyğularla sevirdim, indi də sevirəm, dəyişən tək şey onun olmamasıdır.

 

Belə bir söz var Allah deyir kimi məndən çox sevərsən, onu səndən alaram. Hər gecə Allaha dua edirdim atamı, anamı mənə çox görmə deyə, öz canımdan al onların canına birləşdir, təki onlar sağ olsun, təki onlar xoşbəxt olsun.

 

Hər insan oğlunun, əlbəttə ki, bir böyük arzusu vardır. Mənim ən böyük arzum, diləyim atama anama nəvə bəxş etmək idi.

 

Mən inanıram ki, hər zaman atamın ruhu mənimlə olacaq. Mənə ondan tək qalan sözləri, nəsihətləri deyil, həmçinin bu günə qədər uğraşıb böyük əziyyətlərlə çalışdığı bir saytı mənə miras qoydu.

 

20 yaşımın olmasına rəğmən sanki çiyinlərimdə 20 ton yük var. Allahın izni ilə bu çətin günləri atlacam.

 

Mən atama söz verirəm ki, onun bu günə kimi uğraşıb, vuruşub bu yerlərə gətirdiyi saytı hər zaman qoruyacam, nəinki özüm, məndən sonrakı nəsillər də onu idarə edəcək.

 

Atam, yolun düşsə, bu dünyaya bir də gəl…”

13:07 - 19 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin