Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların sırası genişləndirilib.
MİDA-dan ASayis.Az-a verilən məlumata görə, müvafiq dəyişikliklə, gənc ailə (Gənc ailə - yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyndir) üzvü olan “ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər” və yaşından və ailə vəziyyətindən asılı olmayaraq “ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər” də güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyalarına əlavə edilib.
Ölkə başçısının bu Fərmanını icra etmək məqsədilə ötən müddət ərzində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən “Güzəştli mənzil” elektron sistemində zəruri dəyişiklik və təkmilləşdirmə işi aparılmış, həmin kateqoriyalara uyğun olan jurnalistlər tərəfindən təqdim edilməli sənədlər müəyyənləşdirilmişdir. Sənədlərin siyahısı ilə www.mida.gov.az internet səhifəsində yerləşən “Güzəştli mənzili kim ala bilər” bölməsində tanış olmaq mümkündür.
Həmin şəxslər 19.06.2023-cü il tarixindən etibarən Elektron İmza və ya Asan İmzadan istifadə edərək “Elektron hökumət” portalında (www.e-gov.az) yaradılmış “Güzəştli mənzil” sistemi vasitəsilə müraciət edə bilərlər.
Xatırladaq ki, güzəştli mənzil əldə etmək istəyən vətəndaşların rahatlığını təmin etmək, “Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə elektron kabinetin yaradılmasında köməklik göstərmək məqsədilə Bakı şəhərində yerləşən 1 saylı "ASAN Kommunal" mərkəzi, 3 və 5 saylı Bakı "ASAN xidmət" mərkəzlərində, habelə 1 saylı Sumqayıt və 1 saylı Gəncə regional "ASAN xidmət" mərkəzlərində "Güzəştli mənzil" pəncərələri vətəndaşlara xidmət göstərir. Bununla yanaşı, vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə gəlmədən ölkənin istənilən regionundan “108 Çağrı” mərkəzinə zəng edərək suallarına cavab tapa bilərlər.